Əziz dostlar, Xankəndiyə xoş gəlmisiniz!

Heftelik.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev bu gün Xankəndidə Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ”- MOİK oyunundan əvvəl çıxışı zamanı bildirib.

Dövlət başçısı deyib ki, ilk dəfədir ki, işğaldan azad edilmiş ərazilərdə futbol matçı keçirilir: “Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu futbol matçının (“Qarabağ” – MOİK oyunu – Red.) Xankəndidə keçirilməsinin çox böyük mənası var. Xankəndi qədim Azərbaycan diyarıdır. Qarabağ xanı tərəfindən bu kəndin təməli qoyulmuşdur və ondan sonra Azərbaycan Respublikasının vəsaiti hesabına Azərbaycan memarları, inşaatçıları tərəfindən böyük şəhər yaradılmışdır”.

Prezident qeyd edib ki, əfsuslar olsun ki, otuz il ərzində Xankəndi şəhərində separatçılar yuva salmışdılar, bu şəhər separatizmin rəmzinə çevrilmişdi: “Otuz il ərzində torpaqlarımızı işğal altında saxlayan Ermənistan hesab edirdi ki, bunu əbədi edə biləcək. Biz, şanlı Azərbaycan Ordusu onlara və bütün dünyaya sübut etdik ki, bu, bizim tarixi və əzəli torpağımızdır, bu torpaqların sahibləri bizik – Azərbaycan xalqıdır. Biz buraya qayıtmalı idik və qayıtmışıq”.

 

“Üç ay bundan əvvəl Xankəndi işğaldan azad edildi. Birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam təmin etmişdir. Bütün Qarabağ bölgəsində bu gün Azərbaycan Bayrağı dalğalanır. Bu, böyük tarixi hadisədir. Bu tarix bizim qəlbimizdə əbədi yaşayacaq. Azərbaycan xalqı, dünya azərbaycanlıları bu Zəfər ilə bundan sonra əbədi fəxr edəcəklər”, – dövlət başçısı bildirib.

 

Azərbaycan Prezidenti bildirib ki, dörd il bundan əvvəl bu stadionda bəziləri “Qarabağ Ermənistandır və nöqtə” demişdilər. Biz onlara sübut etdik ki, Qarabağ Azərbaycandır”.

İşğal olunmuş torpaqların böyük hissəsinin üç il əvvəl İkinci Qarabağ müharibəsi nəticəsində azad edildiyini vurğulayan dövlət başçısı bildirib: “Qarabağın tacı olan Şuşa şəhərində Azərbaycan Bayrağı qaldırıldı. Üç ay bundan əvvəl – sentyabrın 19-20-də Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə rayonları da işğalçılardan azad edildi. Oktyabrın 15-də bütün bu şəhərlərdə mən Azərbaycan Bayrağını ucaltdım. Noyabrın 8-də Xankəndinin mərkəzi meydanında Zəfər paradı keçirildi. Bu gün isə bu gözəl idman bayramını biz birlikdə qeyd edirik. Bundan sonra bu torpaqlarda Azərbaycan Bayrağı əbədi dalğalanacaq. Biz azərbaycanlılar burada əbədi yaşayacağı”.