Bunu tarix deyir. Fəxrlə demək lazımdır ki , qələbə qazanmış xalqın nümayəndəsi olmaq ən böyük şansdır. Zəfərə gedən yolda xalq nə qədər əziyyət, həsrət çəkdi. Sonunda mükafat olaraq qələbə oldu. Birinci Qarabağ savaşında xalqa böyük zərbələr oldu. “ Xocalı faciəsi” kimi dəhşətli bəla nəinki Azərbaycanın yer üzünün ən vahiməli , ən ürəkağrıdan faciəsi olmuşdu. Bu elə bir yaradır ki , heç vaxt sağalmaz. Bu savaşda neçə oğullar, qəhrəmanlar itirdi Azərbaycan. Bir şəhid kiminsə atası , qardaşı , güvəndiyi şəxs idi. Onlar torpaq uğrunda şəhid oldular. 2016 – cı il aprel döyüşləri böyük bir qələbənin başlanğıcı idi. Bu döyüşlər 44 günlük müharibənin ən böyük müjdəçisi idi. Tovuz hadisələri ilə xalqın mübarizə əzmini qırmaq istəyən ermənilər dünya ictimaiyyətində bir daha vandal olduqlarını sübut etdirdilər.
Azərbaycan Xalqı tarixi Qələbəsini öz müdrik rəhbərinin başçılığı ilə qazandı. Təbii ki zəfərə gedən yolda çox çətinliklər oldu. Hər gün qələbə xəbərlərinin gəlməsi düşməni özündən çıxarırdı. Azərbaycan xalqına psixoloji sarsıntı keçirmək üçün Gəncə və Bərdə faciələri törətdilər. Vəziyyət çox acınacaqlı idi. Övladını dağıntıların altından tapa bilməyən atanın çarəsiz baxışları, ata anasını bir gecənin içində itirən körpə məsumlar ,səhər məktəbə getməli olan şagird həmən faciənin səhəri günü haqq dünyasına getdi. Bunlara baxmayaraq xalq daha da güclü olmağı bacardı. 44 gün ərzində Azərbaycan Ordusu hər gün irəliyə gedirdi.
Dayanmadan, durmadan, usanmadan hər gün qan tökərək, şəhidlər verərək irəliyə gedirdi, Zəfərə doğru gedirdi. Bir gün belə dayanmadı, bir gün belə geriyə addım atmadı, ancaq irəli getdi, düşməni qova-qova döyüş meydanında tarixi Zəfər çaldı. “ Dəmir yumruq “ kimi birləşib düşmənə layiq olduğu yeri göstərdi. Yaşanan dəhşətli hadisələr bütün dünyanı sarsıtsa da, xalqımız döyüş ruhunu, birliyini və iradəsini itirməyərək daha da əzmlə və mərdcəsinə Ali Baş Komandanı və ordumuzu dəstəkləməyə davam etdi. Həyatını itirmiş mülki həmvətənlərimizin qisasını isə rəşadətli ordumuz döyüş meydanında müvəffəqiyyətlə aldı. Müasir texnologiyalara yiyələnən, son nəsil silahlara sahib olan Azərbaycan Ordusu tarixi, əzəli torpaqlarımızı işğaldan azad etmək uğrunda beynəlxalq hüquq çərçivəsində legitim döyüşlər apardı və Böyük Zəfərimizi xalqımızın tarixinə həkk etdi. Azərbaycan sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsini hərbi-siyasi yolla 44 günə bitirdi.
Müzəffər Azərbaycan ordusu qarşısında tab gətirməyərək ağır məğlubiyyətə uğrayan işğalçı Ermənistanla aparılan müharibə ərzində əsgər və zabitlərimizin rəşadəti, şəhidlərimizin qanı ilə düşmənin uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemləri, məğlubedilməzlik mifləri cəsarətlə dağıdıldı
Əlbəttə, ölkəmizin bu tarixi nailiyyəti təsadüfi xarakter daşımır və ötən müddət ərzində həm ordu quruculuğu sahəsində, həm diplomatiya cəbhəsində görülən işlərin, eyni zamanda beynəlxalq informasiya müstəvisində Azərbaycan reallıqlarının sistemli və məqsədyönlü şəkildə təbliğinin nəticəsidir. Təbii ki , şanlı qələbədə Azərbaycan dostunu , düşmənini daha yaxından tanıya bildi. O da xüsusilə vurğulanmalıdır ki, Azərbaycanın bu qürurverici və əzəmətli qələbəsinin müəllifi xalqımızın ulu öndəri Heydər Əliyevin layiqli davamçısı ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevdir.
Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı hərb tariximizə daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı. Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə dövlət başçısı cənab İlham Əliyevin qərarı ilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd ediləcək.
Bəli 2020-ci ilin 8 noyabr tarixi – Şuşanın işğaldan azad edildiyi gün bütün Azərbaycan xalqı üçün Zəfər günü kimi günü yadda qaldı. 44 günlük Vətən müharibəsi Ali Baş Komandanın, Azərbaycan Ordusunun, xalqımızın zəfəri ilə başa çatdı. 44 günlük haqq savaşımız Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazıldı. Bu qələbəni Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, müzəffər Ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmaz, cəsur əsgərlərimizin canı, müqəddəs, ölməz şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazandıq…
30 illik münaqişəni 44 günə sona çatdıran bu qısa müharibə dünya hərb tarixinə də misli görünməmiş savaş kimi düşdü. Azərbaycan Ordusunun gücünü, Azərbaycan xalqının qüdrətini bəşəriyyətə sübut etdi. Ona görə 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaqdır.
“Qarabağ bizimdir!”,
“Qarabağ Azərbaycandır!”
Fatimə Sadıqova
Azərbaycan Dövlət Pedaqoji Universiteti