Xankəndi  – Əzəli Yurdumuz

22 Dekabr 2023, 13:21

21 dekabr 2023 -cü il tarixində yaddaşlarımıza həkk olunacaq mühüm tarixi hadisə baş verdi. Tarixi torpağımız Xankəndində 30 ildən sonra futbol matçı keçirildi. Prezidentimiz İlham Əliyevin, vitse-prezidentimiz Mehriban Əliyevanın, şəhid ailələrinin , övladlarının , azarkeşlərin iştirakı ilə Ağdamın “Qarabağ” və Bakının “MOİK” komandaları arasında keçirilən oyun Xankəndi stadionunda prezident İlham Əliyevin çıxışı ilə başladı.

Bu tarixi hadisə Azərbaycan xalqı üçün böyük məna kəsb edir. Xankəndi – qədim Azərbaycan diyarıdır. İgid oğullarımızın qəhrəmanlığı, şücaəti , prezidentimizin uzaqgörən siyasəti nəticəsində biz torpaqlarımızın bütövlüyünü təmin etdik. Tarixin gerçəkliyini özünə qaytardıq. Ulu babalarımız tərəfindən əsası qoyulmuş Xankəndimizdə qəhrəman şəhidlərimizin övladları ilə birgə futbol matçını seyr edən prezident İlham Əliyev sübut etdi ki, Qarabağ bizim tarixi keçmişimiz, əzəli, doğma yurdumuzdur. Ermənistana bir daha göstərdik ki, Qarabağımızı ancaq Azərbaycan xalqının övladları sahiblənə bilər .

Təxminən, üç ay bundan əvvəl antiterror əməliyyatı nəticəsində Azərbaycan respublikası öz ərazi bütövlüyünü bərpa etdi, düşmənin əsarətində qalan Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə regionunu dövlətimizin nəzarətinə keçdi. Qürurverici haldır ki,bu gün bütün Qarabağ torpağında üçrəngli bayrağımız dalğalanır. Bu,  bizim fəxrimizdir. Zaman ötsə, illər keçsə də, bütün Azərbaycan xalqı – türkləri bu şanlı Zəfərlə həmişə qürur duyacaqlar. Qarabağ ərazisi prezident İlham Əliyevin hər zaman diqqətindədir İşğaldan azad olunmuş ərazilərimizdə abadlıq quruculuq işləri həyata keçirilir. “Böyük qayıdış” layihəsi ilə əhali Qarabağa köçürülür, yeni yaradılmış yaşayış məntəqələri vətəndaşların istifadəsinə verilir . Böyük qayıdışın ilk addımı Zəngilan rayonu Ağalı kəndinə 60 dan çox ailənin köçürülməsi ilə başladı.

Torpaqlarımız minalardan təmizlənir, hava limanları, yaşayış evləri, stadionlar, körpülər, yollar salınır, infrastruktur yenilənir. Onlardan biri də Xankəndi stadionudur ki, cəmi 2 ay ərzində təmir edilmişdir. Novbəti stadion Ağdam şəhərində qurulur .

Bu gün Azərbaycan qalib , zəfər dolu, gələcəyə ümidlə baxan dövlətdir. Qalib xalqın qalib ordusu və qalib vətəndaşı olar. Bizə bu qalibiyyəti yaşadan müzəffər ordumuza ,ali baş komandanımıza, şəhidlərimizə borcluyuq.

Zəfər günümüzün üçüncü ildönümündə Xankəndində “Zəfər paradı ” keçirilmişdir.

Düz 4 il bundan qabaq ermənilər Xankəndindən bizə nota göndərirdi . Lakin tarixi gerçəklik sübut etdi ki, onların notalarının , fikirlərinin heç bir əsası yoxdur. Biz bir xalq olaraq dəmir yumruq kimi birləşib torpaqlarımızı mənfur düşmənin tapdağından azad etdik .Qarabağda dalğalanan üçrəngli bayrağımıza  baxdıqca fikirləşirik ki, bu bayraq ana yurdumuzda əbədi dalğalanacaq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

 

Leyla Mənsimova

Nəsimi rayon 164 nömrəli tam orta məktəb