Azərbaycan özünün çoxvektorlu xarici siyasət strategiyasını həyata keçirərkən təhlükəsizlik məsələlərinə hər zaman böyük diqqət ayırmışdır. Buna görə də Azərbaycan müasir dünyanın ən böyük hərbi alyansı – NATO ilə əlaqələrə xüsusi önəm vermiş və bu əməkdaşlığı səmərəli və balanslaşdırılmış xarici siyasət üçün vacib faktor hesab etmişdir. Azərbaycan Respublikası ilə NATO arasında məzmunlu tərəfdaşlığın əsası ümummilli lider Heydər Əliyevin 4 may 1994-cü il tarixində “Sülh naminə tərəfdaşlıq” (SNT) proqramının Çərçivə Sənədinin imzalanması ilə qoyulmuşdur.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi NATO ilə əməkdaşlıq çərçivəsində SNT proqramı, Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı, Planlaşdırma və Analiz Prosesi, Əməliyyat İmkanları Konsepsiyası, Tərəfdaşlığın Qərargah Vəzifələri, Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı, Sülh Naminə Elm Proqramı və NATO-nun digər əhəmiyyətli tərəfdaşlıq mexanizmlərindən səmərəli şəkildə istifadə edir. Müdafiə Nazirliyi bu mexanizmlərdən faydalanaraq , strateji sənədlərin işlənib hazırlanması, hərbi təlim və tədris prosesində müasir standartların tətbiqi, Sülhməramlı Qüvvələrin hazırlığı, şəxsi heyətin idarə olunması, dəniz təhlükəsizliyi, maddi-texniki təminat, təcrübələrin öyrənilməsi, kibertəhlükəsizlik, enerji təhlükəsizliyi, “sahib ölkə dəstəyi” və hava məkanına nəzarət sahələrində müvafiq islahatlar çərçivəsində fəaliyyətlərini həyata keçirir.
Planlaşdırma və Analiz Prosesi (PAP) təhlükəsizlik və sabitliyin təşviqi, böhrana cavab əməliyyatları və digər tədbirlərdə NATO müttəfiqləri ilə əməkdaşlıq edə biləcək ən yaxşı tərəfdaşlar tərəfindən qüvvə və imkanların inkişafına kömək məqsədi daşıyır.
PAP NATO-nun bütün tərəfdaşlarına açıq olan ikiillik prosesdir. Planlaşdırma və Analiz Prosesi çərçivəsində Azərbaycan Respublikasının qəbul etdiyi “Tərəfdaşlıq Məqsədləri”nin əksəriyyəti Müdafiə Nazirliyinə aiddir. Hazırda qəbul edilmiş Tərəfdaşlıq Məqsədlərinin bir hissəsi yerinə yetirilmiş, digər uzunmüddətli məqsədlərin yerinə yetirilməsi üzrə işlər davam etdirilir, eləcə də yeni tərəfdaşlıq məqsədləri qəbul edilir. Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planının (FTƏP) 2005-2007, 2008-2010, 2011-2013, 2014-2016-cı və 2017-2019-cu illəri əhatə edən 1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci dövr sənədlərdə Müdafiə Nazirliyinə aid tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilmiş və 2020-2022-ci illəri əhatə edən 6-cı dövrün məqsədləri NATO ilə razılaşdırılma mərhələsindədir.
2002-ci ildən etibarən “Tərəfdaşlığın Qərargah Vəzifələri” Konsepsiyası çərçivəsində Azərbaycan Ordusunun zabitləri NATO-nun müxtəlif taktiki, əməliyyat və strateji səviyyəli qərargahlarında xidmətə başlamışlar. Bu töhfə Azərbaycanın NATO ilə əməkdaşlıq edən digər tərəfdaş dövlətlər arasında lider ölkəyə çevrilməsinə zəmin yaratmışdır.
Hazırda, Azərbaycan Ordusunun zabitləri NATO-nun Mənzil Qərargahında (Brüssel, Belçika) və NATO Müttəfiq Qüvvələrin Avropadakı Baş Komandanlığının Tərəfdaşlıq İdarəsində (Mons, Belçika) hərbi nümayəndəlik tərkibində milli vəzifələrdə, eləcə də NATO-nun digər əməliyyat və taktiki qərargahlarında tərəfdaşlığın qərargah vəzifələrində xidmət edirlər. Azərbaycan mühüm enerji infrastrukturunun mühafizәsi, terrorizmә qarşı mübarizә üzrә Avratlantika Tәrәfdaşlıq Şurası formatında İşçi Qrupun sәdri olmaqla bu sahədə öz töhfəsini verir. Belə töhfə NATO ilə kəşfiyyat və təhlil mübadiləsindən, NATO müttəfiqləri ilə birlikdə milli əks-terror təlim imkanlarını gücləndirməkdən, sərhəd və infrastruktur təhlükəsizliyinin təkmilləşdirilməsindən ibarətdir.
2021-ci il dekabrın 14-də Prezident İlham Əliyev Brüsseldə NATO-nun Şimali Atlantika Şurasının iclasında iştirak edib. Daha sonra Prezident İlham Əliyev ilə NATO-nun Baş katibi Yens Stoltenberqin Brüsseldə Alyansın mənzil-qərargahında birgə mətbuat konfransı olub.
Hal-hazırda NATO-nun təqdim etdiyi təhlükəsizlik sistemləri dünyanın inkişaf etmiş ölkələri tərəfindən tətbiq olunmaqdadır. Bu baxımdan Azərbaycan üçün Alyansla səmərəli əməkdaşlıq transsərhəd, dəniz və kiber sahələrdə təhlükəsizliyin təminatı baxımından faydalıdır. Digər tərəfdən, NATO üçün əhəmiyyətli starateji coğrafi mövqeyə malik, Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycanla tərəfdaşlıq çox önəmlidir. Azərbaycanın əlverişli coğrafi mövqeyi, hərbi və iqtisadi imkanları NATO tərəfindən yüksək qiymətləndirilir.
Qurbanlı Elmir
Azərbaycan Universiteti