Xocavənd rayonu ərazisində yol qəzası olub.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Füzuli-Şuşa yolunun Xocavənd rayonunun Böyük Tağlar kəndindən keçən hissəsində qeydə alınıb. 1978-ci il təvəllüdlü Neftçala rayon sakini Rahil Ağayevin idarə etdiyi “DAF” markalı betonvuran yük avtomobili hərəkətdə olan zaman idarəetmədən çıxaraq aşıb.
Qəza nəticəsində sərnişin – 1976-cı il təvəllüdlü Biləsuvar rayon sakini Elçin Nəzərov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Sürücü isə müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib. Bildirib ki, faktla bağlı Xocavənd RPŞ-də cinayət işi başlanıb istintaq aparılır.