Prezident İlham Əliyev: “Qalib Azərbaycan xalqıdır, Azərbaycan dövlətidir!”
Dekabrın 21-də xalqımız daha bir unudulmaz anlar yaşadı. Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında oyunun keçirilməsi hər bir soydaşımızın sevincinə səbəb oldu. Xankəndində 30 il həsrətində olduğumuz azərbaycanlıların sevinc, alqış səsləri eşidildi, idman ab-havası yarandı. Bütün dünya azərbaycanlıları bir daha dövlətimiz, Prezident, Ali Baş Komandan İlham Əliyevlə qürur duydular. Dövlətimizin başçısı bu tarixi gündə də xalqımızın yanında oldu, futbol oyununu birinci xanım Mehriban Əliyevlə birgə canlı izlədi. Oyundan əvvəl isə cənab Prezident çıxış edərək bu əlamətdar gün münasibəti ilə bütün futbolsevərləri, o cümlədən xalqımızı təbrik etdi: “İlk dəfədir ki, işğaldan azad edilmiş ərazilərdə futbol matçı keçirilir. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu gün qəhrəman şəhidlərimizin uşaqları, ailə üzvləri bizim yanımızdadır”. Torpaqlarımız məhz şəhidlərimizin qanı, canı hesabına işğaldan azad olunub. Ona görə də Azərbaycanda istənilən ictimai-siyasi, mədəni-kütləvi tədbir şəhidlərimizin anılması ilə başlayır. Bu, artıq ənənəyə çevrilib. Cənab Prezidentin təşəbbüsü ilə Xankəndi stadionunda da şəhidlərin ruhuna ehtiram və vətənpərvərlik nümunəsi göstərildi. Oyundan əvvəl şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildi. Şəhidlərimizlə bağlı, digər bir məqam ilk dəfə olaraq Xankəndi stadionunda keçirilmiş oyunda onların uşaqları və ailə üzvlərinin də iştirak etməsi oldu. Və onlar məhz cənab Prezidentlə eyni lojada əyləşmişdilər. Bu da dövlətimizin başçısının şəxsən şəhidlərə və onların ailə üzvlərinə olan diqqət və ehtiramının, səmimiyyətinin bariz nümunəsidir. Şəhidləri anmaq, yada salmaq, onların ailə üzvlərinə diqqət və sayğı göstərmək hər bir azərbaycanlının mənəvi borcudur.
Şəhidlərimiz yad edildikdən sonra Prezident İlham Əliyev çıxışına davam edərək dedi ki, bu futbol matçının Xankəndidə keçirilməsinin çox böyük mənası var: “Xankəndi qədim Azərbaycan diyarıdır. Bu kəndin təməli Qarabağ xanı tərəfindən qoyulmuşdur və ondan sonra Azərbaycan Respublikasının vəsaiti hesabına Azərbaycan memarları, inşaatçıları tərəfindən böyük şəhər yaradılmışdır. Əfsuslar olsun ki, 30 il ərzində bu şəhərdə separatçılar yuva salmışdılar. Bu şəhər separatizmin rəmzinə çevrilmişdi. Torpaqlarımızı 30 il ərzində işğal altında saxlayan Ermənistan hesab edirdi ki, bunu əbədi edə biləcək. Biz, şanlı Azərbaycan Ordusu onlara və bütün dünyaya sübut etdik ki, bu, bizim tarixi, əzəli torpağımızdır. Bu torpaqların sahibləri bizik, Azərbaycan xalqıdır. Biz buraya qayıtmalı idik və qayıtmışıq”.
Xankəndində bu oyunun keçirilməsinin mühüm siyasi əhəmiyyəti var idi. Əslində, “Qarabağ” və MOİK arasında bu oyun simvolik xarakter daşıyırdı. Burada kimin qalib olması önəmli deyildi. Çünki hər iki komanda qalib Azərbaycana məxsusdur. Bunu Prezident İlham Əliyev çıxışında da xüsusi olaraq qeyd etdi: “Bugünkü oyunun nəticələrindən asılı olmayaraq qalib bəllidir. Qalib Azərbaycan xalqıdır, Azərbaycan dövlətidir! Bugünkü oyunda “Qarabağ” və Mərkəzi Ordu İdman Klubunun qarşılaşması təbii ki, böyük rəmzi məna daşıyır. Qarabağ-Ordu-Xalq birliyi bizim Zəfərimizin əsas mənbəyidir”.
30 ilə yaxın müddətdə erməni separatçıları bu torpaqları əsarətdə saxlamışdılar. Burada yaşayan mülki əhali də sanki terrorçuların əsirinə çevrilmişdilər. Bu torpaqlarda terrorçuların qorxusundan insanlar rahat yaşaya bilmirdilər. Eyni zamanda əhalinin sosial rifahı aşağı səviyyədə idi. İnsanlar möhtac vəziyyətində, səfalət içində yaşayırdılar. Ermənistanın Xankəndini, ümumiyyətlə, Qarabağı dirçəltmək gücü yox idi. Erməni lobbisi bura guya öz dəstəklərini verəcəkləri ilə bağlı vədlər verirdi. Amma bunun heç birisini edə bilmədilər. Qarabağın işğalda qalmasında maraqlı olan Qərb dövlətləri də sözdə etdiklərini, əməldə edə bilmədilər. Buna görə də Qarabağda, xüsusən Xankəndindəki ermənilərin yaşayış şəraiti ildən-ilə çətinləşirdi. Azərbaycan isə onlara hər zaman normal yaşmaq üçün vəd vermişdir. Çünki onlar Azərbaycanın vətəndaşı idilər. Dövlətimiz Qarabağ ermənilərinin reinteqarsiyası üçün hər zaman hazır olduğunu bildirib. Prezident İlham Əliyev bu haqda dəfələrlə çıxışlarında fikirlərini bəyan etmişdir. Hazırda bu prosesin icrası üçün dövlətimiz öz təkliflərini verib. İstənilən Qarabağ ermənisi prosedura uyğun olaraq buyurub bizim ölkədə, Xankəndində rahatca yaşaya bilər.
Artıq Azərbaycan Xankəndiyə də yeni nəfəs verir. Ora əvvəlki kimi yenidən həyat qayıdır. Bütün infrastruktur yenilənir. 30 il əvvəlki kimi insanlar öz həyatlarını davam etdirə bilərlər. Artıq separatçılar Azərbaycan ordusu tərəfindən Qarabağdan qovulublar. Burada tam Azərbaycan inzibati qayda-qanunları hökm sürür. Azərbaycan Xankəndində ilk mədəni-kütləvi təbirini keçirməklə bunu bir daha sübut etdi.
Kamal Paşa-zadə
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin
violonçel ixtisası üzrə müəllimi,
Azərbaycan Respublikasının Əməkdar müəllimi