Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonuna səfər ediblər.
Heftelik.az-ın məlumatına görə, dövlət başçısı “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kV-luq “Ağdam” qovşaq yarımstansiyasının açılışında iştirak edib.
“AzərEnerji” ASC-nin prezidenti Baba Rzayev dövlətimizin başçısına stansiyada görülən işlər barədə məlumat verib.
Dövlət başçısı “Ağdam” qovşaq yarımstansiyasını işə saldı.
Qeyd edək ki, buna qədər 2022-ci il fevralın 13-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə “AzərEnerji”nin yeni tikilən 110/35/10 kV-luq “Ağdam-1” yarımstansiyası və onun yaxınlığında tikilən “Qarabağ” Regional Rəqəmsal İdarəetmə Mərkəzi istismara verilib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində salınacaq beşinci, dördüncü yaşayış komplekslərinin təməlinin qoyulması mərasimində iştirak ediblər. Dövlət başçısı Ağdam rayonunun Qiyaslı, Salahlı Kəngərli və Baş Qərvənd kəndlərinin təməlini qoyub.
Prezident İlham Əliyev Bərdə-Ağdam avtomobil yolunun açılışında iştirak edib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhər Mərkəzi parkının təməlinin qoyulması mərasimində, Xaçınçay su anbarının təmir-bərpadan sonra istifadəyə verilməsi mərasimində iştirak ediblər.