Masallıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan Heftelik.az-a verilən məlumata görə, dekabrın 25-də saat 08 radələrində Lənkəran rayon sakini S.Xudiyevin idarə etdiyi “ZİL” markalı mikroavtobus Ələt-Astara avtomobil yolunun Masallı şəhəri ərazisindən keçən hissəsində hərəkətdə olarkən Lənkəran rayon sakini E.Mirzəyevin idarə etdiyi “KamAZ” markalı avtomobillə toqquşub.
Nəticədə mikroavtobusda olan sərnişin, Lənkəran rayon sakini Mailə Bayramova aldığı xəsarətlərdən ölüb. Həmin avtomobilin sürücüsü və 15 nəfər sərnişin müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya daxil olublar.
Faktla bağlı araşdırma aparılır.
***
saat 09.38
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Masallı rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
FHN-dən Heftelik.az-a verilən xəbərə görə, əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “KamAz ” markalı yük avtomobili və “ЗИЛ” markalı mikroavtobus toqquşub, 6 nəfər mikroavtobusda sıxılmış vəziyyətdə qalıb.
Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 5 nəfər yaralı vəziyyətdə, 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.