Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almaq istəyən şəxslərə, eləcə də hər obyektə görə nizamnamə (şərikli) kapitalının minimum həddi müəyyən edilib.

Heftelik.az-ın məlumatına görə, bu, Mərkəzi Bankının İdarə Heyətinin təsdiqlədiyi “Valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsi üçün nizamnamə (şərikli) kapitalının minimum miqdarı, girov vəsaitinin məbləği və geri alınmasına dair rəyin forması ilə bağlı Tələblər”də əksini tapıb.

valyuta mübadiləsi fəaliyyəti üçün kapital tələbi I bölgədə (Bakı) 600 min manat, hər əlavə obyektə görə 300 min manat, II bölgədə (Abşeron, Sumqayıt və Gəncə) 450 min manat, hər əlavə obyektə görə 150 min manat, III bölgədə (I, II və IV bölgələr istisna olmaqla, həmçinin Naxçıvan MR) 375 min manat, hər əlavə obyektə görə 75 min manat, IV bölgədə (Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının işğaldan azad edilmiş əraziləri) 300 min manat, hər əlavə obyektə görə 0 manatdır.

Bundan başqa, valyuta mübadiləsi fəaliyyətinə lisenziya və ya onun əlavəsini almaq istəyən şəxs müvəkkil bankda minimum nizamnamə (şərikli) kapitalının 10%-i məbləğində girov vəsaiti yerləşdirməlidir.

Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər bu tələblər qüvvəyə mindiyi tarixdən 6 ay ərzində minimum nizamnamə kapitalının formalaşdırılması, habelə girov vəsaitinin məbləğinin yerləşdirilməsi ilə bağlı müvafiq tədbirlər görməli və bununla əlaqədar müvafiq sənədləri həmin müddətdə AMB-yə təqdim etməlidirlər.

Qeyd edək ki, valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi məntəqəsində nağd xarici valyutanın bir müştəriyə 500 (beş yüz) ABŞ dollarına ekvivalent məbləğdən artıq satılması, habelə bir müştəridən 10 000 (on min) ABŞ dollarına ekvivalent məbləğdən artıq alınması şəxsiyyəti təsdiq edən sənəd əsasında aparılır.
Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən bir fiziki şəxslə aparılan valyuta mübadiləsi əməliyyatının gündəlik həddi 20 000 (iyirmi min) manat və ona ekvivalent məbləğdən artıq olmamalıdır.