Deputatlar Fransada Xurşidbanu Natəvanın heykəlinə qarşı barbarlığı pisləyib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Milli Məclisin bu gün keçirilən iclasında deputat Tural Gəncəliyev deyib ki, Azərbaycan son zamanlar beynəlxalq platformalarda çox mühüm fəaliyyət aparır.

Deputat bildirib ki, Fransada Azərbaycan parkında yazılar silinib, Xurşidbanu Natəvanın heykəlinə qarşı təhqiramiz addımlar atılıb: “Dünyada mədəni irsin qorunmasına cavabdeh olan UNESCO-ya ev sahibliyini Fransa edir. Fransa insan hüquqları, mədəni irslə bağlı Azərbaycana və digər ölkələrə dərs keçəcək axırıncı ölkədir. Fransa Polineziyası deyilən məkanda 60-cı ildən üzü bəri Fransa 200-dən çox nüvə silahının sınağını keçirib”.

Deputat Hikmət Babaoğlu isə bildirib ki, Fransada Natəvanın heykəlinə qarşı barbarlıq edilib: “Amma Fransa 44 günlük müharibədə əleyhimizə bəyanatlar səsləndirəndə bizdən heç kim Hüqonun əsərlərini yandırmadı. Çünki Azərbaycan mədəni xalqdır”.

Deputat Sahib Alıyev də Fransada Azərbaycan parkına qarşı addımları pisləyib: “Bu, barbarca hərəkətdir. Sevgi şəhəri Paris yox, Şuşadır. Sevənlər sevdiyini Parisə yox, Şuşaya aparsın”.