Böyüklər qızılca xəstəliyini daha ağır keçirirlər.
Heftelik.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib.
Həkimin sözlərinə görə, buna səbəb həmin şəxslərin uzun illər əvvəl peyvənd almağına və ya heç peyvənd olunmadıqlarına görədir.
Həkim qeyd edib ki, qızılcaya yoluxan şəxsdə ilkin mərhələdə yüksək hərarət 4 günə qədər davam edir. Həkim deyib ki, 4 gündən sonra isə səpkilər əmələ gəlməyə başlayır:
“Səpkili dövr də 4 gün davam edir və bu müddətdə də temperatur yüksək olur. Həmin dövrlər yoluxduruculuq baxımından yüksək olur”.
Qızılcanın atipik halları barədə danışan həkim deyib ki, bu vəziyyətdə xəstəyə diaqnoz qoyulması üçün qan analizi götürülməli və qızılcaya yoluxma halı ya inkar edilməli, ya da təsdiqlənməlidir.
Həkim deyib ki, qızılcanın geniş yayılmadığı hallarda yoluxma ilə bağlı şübhə varsa, laborator təsdiqə ehtiyac olur:
“Lakin xəstəliyin alovlanma dövründə bütün xəstələrin laborator müayinə edilməsinə ehtiyac yoxdur”.
Allergiyası olan uşaqların qızılcaya qarşı peyvənd olunub-olunmaması barədə danışan həkim deyib ki, əgər uşaqda yumurta zülalına qarşı allergiya varsa, bu, əks göstəriş hesab oluna bilər.