Qubada 86 yaşlı qadın qətlə yetirilib.
Quba rayon prokurorluğundan Heftelik.az-a verilən məlumata görə, dekabrın 27-si saat 22 radələrində Quba rayonunun Bağbanlı sakini 1937-ci il təvəllüdlü Zöhrə İsmixanovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla 1974-cü il təvəllüdlü Zülfüqar İsmixanovun yaşadıqları evdə sərxoş vəziyyətdə aralarında yaranmış mübahisə zamanı anası Zöhrə İsmixanovaya odun parçası ilə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Zülfüqar İsmixanov iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.
Qubanın Bağbanlı kəndində dünən baş verən qətllə bağlı bəzi məqamlar məlum olub. Qətl hadisəsi baş verən ailənin yaxınları APA-ya bildiriblər ki, 86 yaşlı anasının qətlinə görə tutulan Zülfüqar İsmixanov əsəb xəstəliyindən əziyyət çəkib. Hətta bir neçə dəfə psixionevroloji mərkəzdə müalicə alıb. Onun həmçinin spirtli içki aludəçisi olduğu, qətli sərxoş halda törətdiyi bildirilib.
Məlumata görə, 49 yaşlı Zülfüqar İsmixanov 86 yaşlı anası Zöhrə İsmixanovanın baş nahiyəsinə odun parçası ilə xəsarətlər yetirib. Qadın təcili tibbi yardım avtomobili ilə Quba Müalicə Diaqnostika Mərkəzinə çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.
Zülfüqar İsmixanovun 1-ci Qarabağ müharibəsinin iştirakçısı olduğu, 2-ci qrup əlil olduğu da bildirilib. Onun 2 övladı var.