Uşaqların hüquqlarının müdafiəsi üçün tədbirlər açıqlanıb.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Cinayət prosesini həyata keçirən orqanlar tərəfindən uşaqların hüquqlarının müdafiəsi üçün aşağıdakı tədbirlər görülməlidir:
– uşaqların qanuni nümayəndələrinə onların şikayətləri ilə bağlı görülən tədbirlər, habelə cinayət təqibinin gedişatı barədə məlumat verilməsi;
– cinsi istismarın və ya cinsi zorakılığın qurbanı olan uşaqların qanuni nümayəndələrinə uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayətə görə tutulmuş, həbs edilmiş və ya məhkum edilmiş şəxsin azad edilməsi barədə məlumat verilməsi;
– uşaqların hüquq və mənafelərinin təmin edilməsi məqsədilə onlara yardım göstərilməsi;
– cinsi istismarın və ya cinsi zorakılığın qurbanı olan uşaqların, onların ailələrinin və şahidlərin təhlükəsizliyinin təmin edilməsi;
– cinsi istismarın və ya cinsi zorakılığın qurbanı olan uşaq və ya onun qanuni nümayəndəsi tələb etdikdə pulsuz hüquqi yardım göstərilməsi üçün uşaqlarla iş üzrə daha təcrübəli vəkilin iştirakının təmin edilməsi;
– uşaqların valideynlərinin və ya digər qanuni nümayəndələrinin maraqlar toqquşmasına görə cinayət prosesində iştirak etməyə buraxılmadığı hallarda, qəyyumluq və himayəçilik orqanının uşaqlar üçün qanuni nümayəndə qismində təyin edilməsi;
– uşaqlara verilən məlumatların onların yaşına və psixi inkişafı səviyyəsinə uyğun qaydada və onların başa düşdükləri dildə təqdim olunması;
– uşağın mənafeyi, yaxud cinayət-prosessual fəaliyyətin məqsədləri üçün belə təmasın tələb olunduğu hallar istisna olmaqla, cinayət prosesinin istənilən mərhələsində uşaqla şübhəli və ya təqsirləndirilən şəxs arasında təmasın olmamasının təmin edilməsi.