Türkiyənin “Qalatasaray” və “Fənərbaxça” futbol klubları arasında Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçiriləcək Superkubok matçından əvvəl böhran yaşandığına dair məlumatlar yayılıb.
Heftelk.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, Səudiyyə Ərəbistanı hökumətinin Superkubok matçında Atatürk posterinin, Atatürkün fotosunun olduğu köynəklərin və İstiqlal marşının səsləndirilməsinə icazə verməyəcəyi barədə xəbərlər yayılıb.
Hər iki klub qadağaların götürülməsini tələb edib.
İstiqlal marşı səslənməyəcəyi halda “Qalatasaray” oyuna çıxmamaq barədə qərar qəbul edib. Türkiyə Futbol Federasiyası isə açıqlama yayaraq İstiqlal marşının səslənəcəyini bəyan edib. TFF insanları bu mövzuda yayılan dezinformasiyalara inanmamağa çağırıb.
Türkiyə mediası Superkubok matçında Atatürk posteri və Atatürkün fotosunun olduğu köynəklərlə bağlı müzakirələrin isə davam etdiyi barədə məlumat yayıb.
Qeyd edək ki, oyun bu gün Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.