Bazarlarda və marketlərdə bahaçılığın yaratdığı çətinlik xüsusən də əhalinin işsiz və aztəminatlı təbəqəsi üçün acınacaqlıdır.

Heftelik.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib.

Deputat bildirib ki, özü bazarlarda və marketlərdə tez-tez olur: “Mənə edilən müraciətlər əsasında bayram öncəsi market və bazarlarda oldum. Bəzi məhsulların üzərində yeni il öncəsi 50 faiz güzəşt yazılıb. 50 faiz güzəştli məhsulun qiyməti bir il yarım-iki il öncəki qiymətdən daha çoxdur. Qiymətlər od tutub yanır. Ən acınacaqlı təbəqə işsizlərdir ki, bir qəpik qazancı yoxdur.  İşsiz adam necə dolana, ailəsini necə saxlaya, körpə uşaqlarının qayğısını necə çəkə bilər? Kiçik bir araşdırma da apardım və gördüm ki, boşanmaların sayının artmasında da işsizlik və pulsuzluq böyük rol oynayır.  Düzdür, hökumət tərəfindən addımlar atılır, əhalinin yükünü azaltmaq üçün addımlar atıldığını deyirlər. Amma, boynumuza alaq ki, əhaliyə sosial qayğı və əməkhaqqı artım tempi bahaçılıqla müqayisədə geridədir. Hər şey bahalaşır, hər məhsulun,  xidmətin, materialın qiyməti durmadan artır, qazanc isə zəif. Rəqabətli iş yerləri də azdır. Normal əməkhaqqı təklif edən idarə və müəssisələr də azdır. Bir neçə araşdırma da apardım və gördüm ki, özəl sektor, xüsusən də qida, mühafizə, kənd təsərrüfatı sahələrində, rayon müəssisələrində  çalışanlar üçün əməkhaqqı cüzi artır. Adam 3-4 il bundan öncə 500-600 manat alırdı,  yenə də o qədər alır. O illərlə müqayisədə hesab edək ki, o cəmi indiki bahalaşma dövründə 200 manat alır. Bu şəxs necə normal yaşaya və ailə saxlaya bilər?”

Razi Nurullayev əhalinin yükünü azaltmaq üçün dövlət səviyyəsində müvəqqəti yardım proqramlarının hazırlanmasını təklif edib: “Ən vacibi isə uzunmüddətli həll üçün iş yerlərinin açılması mexanizmini yüngülləşdirmək, ən kütləvi iş yeri yaradan və inkişafa aparan tikinti sektorunda açılım etmək lazımdır. Tikinti ilə bağlı prosedurların sadələşdirilməsi, sahibkarın müraciətilə real işə başlamaq arasında olan dövrü iki-üç dəfə azaltmağa ehtiyac var. İstərdim ki, bu sahə və ona bitişik sahələrlə bağlı xüsusi bir dinləmə keçirilsin, rəhbər şəxslər dəvət olunsun və mən də iştirak edim. Xeyli suallarım var”.