Yarı avropalı, yarı şərqli cəmiyyətlərdə məişət zorakılığı hər zaman olacaq.
Heftelik.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Məişət zorakılığının qarşısının alınması haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirə zamanı parlamentin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa deyib.
Deputat bildirib ki, bunun minimuma endirməyin yolları axtarılmalıdır: “Biz Şərqdə ilk seçki hüququnu qadınlara vermiş cəmiyyətik. Bu, bizim brendimizdir. Amma biz həm də qadına heç öz həyat yoldaşını seçmək hüququ verməyən cəmiyyətik. Dövlət ailə institutunu qorumaq üçün addımlar atır. Amma biz bu institutun qorunması üçün nələr edirik?! Biz qanunvericilikdə mütləq dəyişikliklər edirik. Qısamüddətli və uzunmüddətli orderin verilməsi çox müsbət addımlardır və dövlət bu addımları atır. Amma biz qeyd edirik ki, dərsdənkənar məşğələlərdə məişət zorakılığı ilə bağlı maarifləndirmə işi aparılsın. Bizdə dərsdənkənar məşğələ var? Qeyri-real müddəalar qanuna salınmır. Qanuna dəyişikliyi daha korrekt etməliyik”.
Deputat xatırladıb ki, məişət zorakılığının bir səbəbi də alkoqolla, narkomaniya ilə bağlıdır: “İçir, gəlir həyat yoldaşını döyür. Avropada içən gedib həyat yoldaşını döymür. Ailə institutunu dağıdan həm də məişət zorakılığıdır. Qoruyucu mexanizmləri real mexanizmlərə çevirməliyik. Rayonda hansı qadın gedib sığınacaqda qala biləcək?! Bakıda olanlar gedir. Amma rayonlarda bu, real deyil”.