Azərbaycanın Zeynəbi…

01 Yanvar 2024, 23:44

Bu gün sosial şəbəkələrdə Azərbaycan Dövlət Televiziyasının Yeni ili Zeynəb Xanlarovanın iştitakı və mahnısı ilə qarşılaması birmənalı qarşılanmayıb.

Heftelik.az 87 yaşını tamamlayan Zeynəb Xanlarovanın həyatı, yaradıcılığı və  mübahisələrə səbəb olan son mahnısını təqdim edir.

Bakı şəhərində 28 dekabr 1936-cı ildə anadan olan Zeynəb Xanlarova  1956-cı ildə M. Ə. Sabir adına Bakı Pedaqoji məktəbini və 1961-ci ildə Asəf Zeynallı adına Bakı Musiqi Texnikomunu bitirib. 1961-ci ildən Opera və Balet Teatrının solisti kimi fəaliyyətə başlayıb. Ü. Hacıbəyovun “Leyli və Məcnun”, “Əsli və Kərəm” operalarında Leyli və Əsli obrazlarını yaradıb. Repertuarında muğam (Şahnaz, Mahur, Qatar, Bayatı-Şiraz və s.), təsnif və Azərbaycan xalq mahnıları, Azərbaycan bəstəkarlarının (Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev, Cahangir Cahangirov, Arif Məlikov, Emin Sabitoğlu, Ələkbər Tağıyev və b.) mahnıları, Şərq xalqlarının mahnıları geniş yer tutur. Zeynəb Xanlarova Azərbaycanın qadın xanəndələri arasında “Çahargah” muğamının ilk ifaçılarından biridir. Haqqında “Salam, Zeynəb!” adlı sənədli televiziya filmi çəkilib.

Zeynəb Xanlarovanın sənəti bütün dövrlərdə yüksək qiymətləndirilib:

– Azərbaycan SSR əməkdar artisti” fəxri adı — 7 iyul 1967

– SSRİ “Şərəf nişanı” ordeni — 2 iyul 1971

– Azərbaycan Sovet Sosialist Respublikası “Azərbaycan SSR xalq artisti” fəxri adı — 24 mart 1975

– Ermənistan Sovet Sosialist Respublikası “Ermənistan SSR xalq artisti” fəxri adı — 15 mart 1978

– SSRİ “SSRİ xalq artisti” fəxri adı — 28 iyul 1980

– SSRİ “Qızıl val” mükafatı (“Melodiya” firması) — 18 fevral 1986

– SSRİ “Xalqlar Dostluğu” ordeni — 26 dekabr 1986

– Azərbaycan Sovet Sosialist Respublikası Azərbaycan SSR Dövlət mükafatı — 26 aprel 1988

– Azərbaycan “Şöhrət” ordeni — 27 dekabr 1996[2]

– Azərbaycan Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 1 aprel 2005

– Azərbaycan “İstiqlal” ordeni — 26 dekabr 2006

– Azərbaycan Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu — 28 dekabr 2011

– Azərbaycan “Heydər Əliyev” ordeni — 26 dekabr 2016

Azərbaycan SSR Ali Sovetinin XI, XII çağırış və Azərbaycan Respublikasının Milli Məclisinin I, II, III, IV və V çağırış deputatı olub.

Mərhum Heydər Əliyev həm sovetlər, həm də müstəqillik dönəmində Zeynəb Xanlarovanın sənətinə yüksək qiymət verib, diqqət və qayğısını əsirgəməyib. Xalq artisti müsahibələrinin birində maraqlı biq məqama da toxunub. Bildirib ki, 1975-ci ildə  Əməl Sayın və Tereşkova Bakıya dövlət konsertinə gəliblər və konsertdə türk mahnısı oxuyub. O vaxtkı nazir buna görə ona üç ay cəza verib, radio və televiziyada oxumağıma qadağa qoyulub. Bundan xəbər tutan Heydər Əliyev Zeynəb Xanlarovaya deyib ki, yaxşı edib türk mahnısı oxuyub, o, sənin millətinin mahnısıdır.

Zeynəb Xanlarova 1990-cı ildə 20 Yanvar faciəsindən sonra illərlə mahnı oxumaması ilə də diqqət mərkəzində olub, bu, ona xalq arasında rəğbəti daha da artırıb.

Prezident İlham Əliyev də  Xalq Artisti Zeynəb Xanlarovaya hər zaman xüsusi hörmət və diqqətlə yanaşıb, 26 dekabr  2016-cı idə şəxsən “Heydər Əliyev” ordenini təqdim edib. Xalq artistini qəbul edən dövlət başçısı Zeynəb Xanlarovanın uzun illərdir xalqımızı öz gözəl sənətiylə sevindirdiyini vurğulayıb:

– Xalqımızın musiqi tarixində sizin çox böyük yeriniz vardır. Siz dünya şöhrətli müğənnisiniz və Azərbaycanı, bizim xalqımızı, dövlətimizi dünyada təbliğ edirsiniz, uzun illər ərzində, həm sovet dövründə, həm müstəqillik dövründə. Azərbaycan xalqı sizi çox sevir. Siz bunu yaxşı bilirsiniz.

Ulu öndər Heydər Əliyev həmişə sizə çox böyük diqqət, qayğı göstərmişdir, həm 1970-1980-ci illərin əvvəllərində, həm də müstəqillik dövründə. Ulu Öndər sizi çox qiymətləndirirdi, çox sevirdi. Xatırlayıram ki, atam təqaüddə olan zaman siz Moskvaya gəlib ona baş çəkdiniz. Mən də o görüşdə iştirak edirdim. O vaxt da siz öz iradənizi, öz mərdliyinizi göstərmisiniz. Çünki o vaxt Heydər Əliyevə qarşı əsassız ittihamlar irəli sürülübdür. Ovaxtkı sovet və Azərbaycan rəhbərliyi ona qarşı kampaniya aparırdı. Onun, necə deyərlər, qanadı altında böyümüş insanların bir çoxu ona nəinki baş çəkmirdi, hətta zəng etməyə də qorxurdu.

Yəni, mən o günləri çox yaxşı xatırlayıram və heç vaxt unutmuram. Siz isə Moskvada, onun evinə gəldiniz. Mən də o görüşdə idim. Ona mənəvi dəstək verdiniz. Sizin çox gözəl, səmimi söhbətiniz olubdur. Mən o günü heç vaxt unutmuram və unutmayacağam.

Siz xalqımızın mərd qızısınız. Həmişə prinsipial olmusunuz, həmişə həqiqəti demisiniz və heç bir şeydən qorxmadan həmişə öz mövqeyinizdə olmusunuz. Bu gün Azərbaycan parlamentinin üzvü kimi də Sizə çox böyük hörmət var. Çünki Siz xalqımızı narahat edən məsələləri daim diqqətdə saxlayırsınız, öz prinsipial mövqeyinizi göstərirsiniz. Buna görə də mən sizə minnətdarlığımı bildirmək istəyirəm. Sizə cansağlığı, yeni uğurlar arzu etmək istəyirəm.

Xalq, dövlət qarşısında göstərdiyiniz böyük xidmətlərə görə mənim Sərəncamımla siz Ulu Öndərin adını daşıyan, dövlətimizin ən ali mükafatı – “Heydər Əliyev” ordeni ilə təltif olunursunuz. İcazə verin, bu yüksək mükafatı, bu ordeni sizə təqdim edim”.

Ancaq təəssüf ki, bu gün də 87 yaşında canlı mahnı ifa edən xanım sənətkarı bir qrup sosial şəbəkə “qəhrəmanları” öz aləmlərində az qala mahnı oxumağı belə bacarmayan birisi kimi qələmə verməyə, aşağılamağa çalışır, “toy müğənniləri” ilə bir səviyyəyə endirməyə cəhd edir  və bu hədsizliklərinin xalqın bir dəyərinə çevrilmiş bir sənətkarın, o yaşda insanın qəbini necə ağrıda biləcəyinin fərqinə varmırlar…