Güclü külək əsəcək

02 Yanvar 2024, 13:42

Yanvarın 3-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Heftelik.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim cənub-qərb küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-8° isti, gündüz 10-15° isti olacaq.

Yanvarın 3-də Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin axşam bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Bəzi rayonlarda arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6° isti, gündüz 12-17° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 1-6° isti olacaq.

Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq da edib. Qeyd edilib ki, Bakıda və Abşeron yarımadasında yanvarın 02-si günün ikinci yarısından 03-ü səhərədək cənub-qərb küləyinin 15-18 m/s, 03-ü günün ikinci yarısında isə qısa müddətə şimal-qərb küləyinin 15-18 m/s, yarımadanın bəzi yerlərində arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir. Yanvarın 03-04-də əsasən dağlıq və dağətəyi rayonlarda qərb küləyinin 15-18 m/s, bəzi yerlərdə arabir 20-25 m/s-dək güclənəcəyi gözlənilir.