Yanvarın 1-də cəmiyyətin diqqəti vəkil Zaur Məmmədovun Bakıda Vəkillər Kollegiyasının qarşısında özürənə benzin tökərək özünü yandıraraq intihar etməsinə yönəldi. Salyan Vəkil Bürosunda fəaliyyət göstərən bir vəkil, həm də peşəsi insanların hüquqlarını müdafiə etmək olan biri nədən intihar etsin, yaxud intihara məcbur edilsin?
Vəkil Kollegiyasıyla problemi yoxmuş
Zaur Məmmədovun vəkil olması və özünü məhz Vəkillər Kollegiyasının qarşısında yandırması diqqətləri Vəkillər Kollegiyasına yönəltdi. Cəmiyyəti düşündürən bu suala Vəkillər Kollegiyasının sədri Anar Bağırov aydınlıq gətirməli idi və gətirdirdi də. Anar Bağırov birmənalı olaraq bildirdi ki, vəkil Zaur Məmmədovun Vəkillər Kollegiyası ilə hər hansı problemi olmayıb və niyə belə bir addım atması onları da təəccübləndirib: “Hadisə haqqında eşidəndə Salyan rayon Vəkil Bürosunun müdiri ilə əlaqə saxladım. Büro müdiri dedi ki, son zamanlar gərgin idi. Kollegiya ilə onun arasında hər hansı isə problem baş verməyib. Barəsində intizam işi olmayıb. Hazırda aidiyyəti üzrə istintaq orqanında araşdırma aparılır. Hər halda araşdırma zamanı onun niyə belə bir hadisəyə əl atması üzə çıxacaq”.
Sədr mərhum Zaur Məmmədovun vəfatından dərindən kədərləndiyini bildirib və yaxınlarına başsağlığı verib, onlara səbr diləyib.
İstintaq araşdırmasına müdaxilənin yolverilməz olduğunu bilən Anar Bağırovun açıqlaması kifayət qədər peşəkar olmaqla bərabər, müəyyən bir eyhamı da özündə ehtiva edir. Zaur Məmmədovun son zamanlar gərgin olmasının təbii ki, səbəbi olub, ancaq Vəkillər Kollegiyasının sədrinə bu barədə Salyan rayon Vəkil Bürosunun müdiri ilkin məlumat versə belə, Anar Bağırovun bunu açıq şəkildə dilə gətirməsi peşəkar yanaşma olmazdı. Ancaq Anar Bağırov hər halda bacardığı çərçivədə həmkarı ilə bağlı həm də vicdanlı bir açıqlama verməyə çalışdı.
Dost iddiası, qardaş reaksiyası…
Qanunvericilik baxımından ibtidai istintaq dövründə intiharın səbəbi ilə bağlı şəxsin yaxınları tərəfindən cəmiyyətə, mediaya birmənalı açıqlamaların verilməsi düzgün olmaya bilər. Ancaq bu gün sosial media gerçəkliyi var və bunu həyatımızdan çıxara bilmərik. Bu olayda da Zaur Məmmədovla dost olduğunu bildirən Aşur Bədəlsoyun “Facebook” paylaşımı bir anda elə bir çox media orqanlarına yol tapmaya bilməzdi. Aşur Bədəlsoyun artıq bir çox media orqanlarında da yer almış və indiyə qədər da “Facebook” səhifəsində qalan iddiası belədir:
“Media nümayəndələri məndən nəsə bilib-bilmədiyimi soruşurlar. Sonuncu dəfə cümə günü whatsapp vasitəsilə danışmışam. Son olaraq dost kimi deyim haqqı üzərimdə qalmasın. Tanıdığım, sözünə bütöv tək-tük insanlardan biriydi.
Mənə Bakıda yerləşən istintaq orqanlarından birinin müstəntiqinə bir neçə həftə qabaq 10.000 manat pul verdiyini dedi. İşin həll olmadığını müstəntiqin də pulu qaytarmadığını bildirdi. İşin yiyəsinin də bunu tutdurmaq üçüb prokurorluğa şikayət edəcəyini dedi. Zaur müəllim də çarə tapmadığını və özünü yandıracağını dedi. Səhəri gün də müstəntiqlə görüşəcəyini olmasa özünü öldürəcəyini dedi. Zarafat elədiyini düşündüm. Həll olacağını dedim. Səbrli olmağını dedim.Və bir də bir neçə başqa işlərdə pullar verdiyini dedi. Onlar da buna bəlli zaman vaxt verdiyini və o zaman həll edəcəklərini bildirdiyini dedi. Bugün səhərdən də əlaqə saxlaya bilmədim Narahat oldum, xəbəri yayıldı”.
Bu iddianın yayıldığı məqamda mərhumun qardaşı Seymur Məmmədovun mediada açıqlaması yayıldı. Qardaşın açıqlaması daha çox dost iddiasının təkzib edən yöndəydi. Vəkil Zaur Məmmədovun qardaşı onun intihar etməsi üçün bir səbəbin olmadığını bildirib: “Dünən atam onunla telefonla danışıb. Atam dedi ki, bayramdır, gəl, bir yerdə keçirək. Zaur da cavabında deyib ki, bu gün (31 dekabr) yox, sabah gələcəyəm. Yəni, bu gün onu gözləyirdik. Bu gün də eşitdik ki, bu hadisə baş verib. Heç bir problemi yox idi”.
İntihar etməyə bir səbəbin olmadığını bildirən qardaşı onun nə borcunun olduğunu, nə də bir istəklisinin olmadığını qeyd edib.
Cinayət işi..
Elə dünən Baş Prokurorluq məlumat yaydı, vəkil Zaur Məmmədovun yanvarın 1-də saat 19 radələrində intihar etməsi faktı üzrə Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanaraq təxirəsalınmaz istintaq tədbirləri həyata keçirildiyi bildirildi.
Ancaq bir istintaq orqanının müstəntiqinə qarşı iddia olduğu halda məsələnin prokurorluq, yoxsa Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən araşdırılması düzgün olardı?! Bu sualın ortaya çıxması təsadüfi deyil. Nəzərə alınmalıdır ki, burada söhbət artıq beynəlxalq səviyyədə Azərbaycan dövlətinin imicindən söhbət gedir. Artıq müəyyən qüvvələrin bunu fərqli məcraya yönəltmək, dövlətə, hakimiyyətə qarşı sui-istifadə cəhdləri sosial mediada müşahidə olunmaqdadır…