Dekabr ayının 31-də, yeni ilin başlanğıcına bir neçə dəqiqə qalmış Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqımıza müraciətində mühüm məqamlara toxundu, zəruri mesajlar verdi.
Azərbaycanın regional və qlobal müstəvidə geosiyasi imkanlarının artmasında, şübhəsiz ki, ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpasının müstəsna rolu var. 44 günlük müharibədə qələbə qazanaraq yeni gerçəkliklər yaradan – Qafqazın geostrateji arxitekturasını yenidən dizayn edən, BMT-nin müvafiq qətnamələrinin icrasına öz hərbi-siyasi resursları vasitəsilə nail olan Azərbaycan nəyə qadir olduğunu bütün dünyaya göstərdi.
Bu xüsusda ən vacib məqam 2023-cü ilin Azərbaycanın Zəfər təqviminə dövlət suverenliyinin bərpası ili kimi həkk olunmasıdır. Bu, xalqımızın yaddaşında və dünyanın siyasi tarixində əbədi qalacaqdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “2020-ci ildə İkinci Qarabağ müharibəsi başa çatanda bizim Bayrağımız Şuşada və azad edilmiş digər ərazilərdə qaldırılanda biz hamımız yaxşı bilirdik ki, işimiz yarımçıq qalıb. Azərbaycan öz dövlət suverenliyini tam bərpa etməli idi və bunu etdi”.
Hərbi təxribatlar və siyasi sabotajları davam etdirən Ermənistannın illeqal fəaliyyətinin qarşısının alınması məqsədilə Azərbaycan tərəfindən 2023-cü il aprelin 23-də Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulması Zəfər marafonunun Laçın qələbəsi idi.
44 günlük Vətən müharibəsinin şanlı Qələbə ilə başa çatması və 24 saatlıq antiterror tədbirləri ilə ərazi bütövlüyünün tam bərpası – Şuşada son nöqtənin, Xankəndində isə Zəfər nidasının qoyulması müstəqillik zirvəsində suverenliyin bərqərar olunması ilə əlamətdardır. Müzəffər Ali Baş Komandanın vurğuladığı kimi: “2023-cü ilin aprel ayında isə biz ərazi bütövlüyümüzü tam bərpa etmişdik. Azərbaycan-Ermənistan sərhədinin Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsi qurulmuş və o gündən bəri Azərbaycanın ərazi bütövlüyü tam bərpa edilmişdir”.
Laçın-Xankəndi yolunda nəzarətin təmin edilməsi, ardınca əzəli və əbədi Qarabağımızda lokal antiterror tədbirləri vasitəsilə konstitusiya quruluşunun bərpası ilə geniş geosiyasi arealda – Cənubi Qafqazda, Qafqazda və postsovet məkanında separatizmin məhv edilməsi təcrübəsi yaradıldı. 30 ilə yaxın müddətdə BMT-nin kağız üzərində qalmış 4 qətnaməsinin icrasını təmin etməklə nadir presedent formalaşdıran Azərbaycan daha bir nümunə yaratdı. Bu, postsovet məkanında separatizmin birdəfəlik məhvinə ilk dəfə məhz ölkəmizin ərazisində müvəffəq olunmasıdır. Azərbaycan Prezidentinin bildirdiyi kimi: “Dəfələrlə Ermənistan rəhbərliyinə və onun arxasında dayanmış Qərb ölkələrinə xəbərdarlıq etmişdik ki, bu vəziyyət davam edə bilməz. Ya separatçı rejim özünü buraxmalıdır, Ermənistan ordusu bizim ərazimizdən çıxarılmalıdır, ya da ki, biz güc tətbiq edərək dövlət suverenliyimizi özümüz bərpa edəcəyik.
Əfsuslar olsun ki, bizim sözümüzə diqqət yetirilmədi. Sentyabrın 19-da başlamış və cəmi bir gün, ondan da az davam edən antiterror əməliyyatı Azərbaycan Ordusunun tam Zəfəri ilə nəticələnmişdir. Separatçı rejim çökmüş, bizim qarşımızda diz çökmüş, ağ bayraq qaldırmış, təslim olmuş, torpaqlarımızdan əbədi olaraq çıxarılmış və tarixin zibilxanasına atılmışdır. Bununla Azərbaycanda separatizmin kökü kəsildi və separatizm – bu bəla bizim torpağımızda bir daha baş qaldıra bilməz”.
Prezident İlham Əliyev bəhs olunan müraciəti zamanı Böyük Qayıdış məsələsinə də diqqəti cəlb etdi. Dövlət başçısı bildirdi ki, “Qarabağ və Şərqi Zəngəzur bu gün böyük tikinti meydançasına çevrilmişdir”.
Böyük Qayıdış tarixi Qələbənin strateji prosesə çevrilməsini təmin edən çox mühüm amillərdən biridir. 2023-ci ildə qürurlu və müzəffər xalqın nümayəndələri, qüdrətli və məğrur dövlətin vətəndaşları kimi azadlıqdan abadlığa aparan yolda inamla addımladıq. Qarabağın Xilaskarı İlham Əliyevin lider dövlətin Lideri, Müzəffər Ali Baş Komandan kimi işğaldan azad olunmuş torpaqlarımıza atdığı hər addım tarixin yaddaşına əbədi həkk olundu. Həmin ərazilərdə kənd və şəhərlərimizin, mədəni irsimizin bərpa olunması, yeni reallıqlar əsasında ölkəmizin və regionumuzun gələcəyinin inşa edilməsi Zəfər yürüşümüzün davam etdiyini göstərdi.
Müzəffər Ali Baş Komandan İlham Əliyev hələ 2020-ci ildə işğaldan azad edilmiş ərazilərdə Azərbaycan bayrağını ucaldaraq xalqımızın, dövlətimizin ən yüksək zirvələri fəth etdiyini bir daha bütün dünyaya nümayiş etdirib. 2023-cü ildə də bu istiqamətdə işlər ardıcıl olaraq davam etdirildi. Budur, bölgəyə həyat qayıdır, Qarabağa, Şərqi Zəngəzura yeni həyat bəxş edən, yeni nəfəs verən addımlar atılır. Ermənilərin işğalçı siyasəti nəticəsində dağıdılmış yaşayış məntəqələrinin ən müasir texnologiyalara əsaslanan quruculuq konsepsiyası əsasında bərpası milli gücümüzün təsdiqi və nümayişidir.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində Prezident İlham Əliyev bildirib ki, “Bu gün dünya azərbaycanlıları Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü tam yeni bir ovqatla qeyd edirlər. Artıq üç ildir ki, dünya azərbaycanlıları bütün Azərbaycan xalqı kimi ruh yüksəkliyi ilə yaşayır, başını dik tutub yaşayır, alnıaçıq, üzüağ yaşayırlar”.
İsrafil Kərimov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü