Qazaxıstanda 2022-ci ilin yanvarında kütləvi iğtişaşların baş verməsi üçün ilkin şərtlərdən biri prezident Nursultan Nazarbayevin rəsmi istefasından sonra ölkədə ikili hakimiyyət modelini tətbiq etmək cəhdləri olub.

Heftelik.az-ın nəlumatına görə, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev  bunu “Egemen Qazaqstan” qəzetinə müsahibəsində bildirib.

Qazaxıstan Prezidenti qeyd edib ki, həqiqətən də ikili hakimiyyət modelini tətbiq etmək cəhdləri olub:  “Deməliyəm ki, bu cəhdlər məqsədyönlü və mütəşəkkil olub. “Hakimiyyət tranziti”nin mövcud siyasi vəziyyətində siyasi manipulyatorlar bir növ paralel güc mərkəzi formalaşdırıblar. Bizim ölkəmizdə prezident və ali baş komandan, həmçinin eks-prezidentin simasında Təhlükəsizlik Şurasının sədri fəaliyyət göstərib. Bu, son nəticədə hakimiyyət toqquşmasına gətirib çıxarmaya bilməzdi. Nə olursa olsun, mən hesab edirəm ki, dövlətdə böyük-kiçik prezident olmamalıdır. Gedirsənsə, get! Gələcəkdə ölkə vətəndaşları bu vəziyyətdən dərs götürməli, belə şeylərdən uzaq durmalı və yalnız dövlətin maraqları və cəmiyyətin birliyi haqqında düşünməlidirlər”.

Kasım-Jomart Tokayev ilk dəfə Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevlə 2022-ci ilin yanvar iğtişaşları ilə bağlı söhbətindən də danışıb: “Mən Nazarbayevə birbaşa dedim ki, siyasi oyunlar, xüsusən də onun ən yaxın adamlarının oyunları az qala ölkəni parçalayırmış”.