Yanvarın 1-də saat 12 radələrində paytaxtın Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində yerləşən avtomobillərin təmiri sexindən “Hyundai” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Heftelik.az-a verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsi və Suraxanı RPİ 32-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən 2 yeniyetmə müəyyən olunaraq saxlanılıb.
Araşdırmalarla onların təmiri sexində olan “Mercedes” və “Toyota” markalı avtomobilləri əzmələri və şüşələrini sındırmaları, habelə “Hyundai” markalı avtomobilin şüşəsini sındıraraq qeydiyyat nişanlarını oğurlamaları da müəyyən olunub.
Araşdırmalar davam etdirilir.
Baş Dövlət Yol Polisi İdarəsi isə nəqliyyat vasitələrinin qaçırılması halları ilə bağlı əhaliyə müraciət edib. Qeyd edilib ki, nəqliyyat vasitələrinin qaçırılması ilə bağlı cinayətlərin qarşısının alınması və açılması istiqamətində DİN, o cümlədən DYP xidməti tərəfindən ötən il ərzində də bir sıra zəruri tədbirlər həyata keçirilib, bu sahədə qarşıya qoyulmuş vəzifələrin icrası diqqət mərkəzində saxlanılıb:
“Lakin qeyd olunmalıdır ki, bu qəbildən olan hüquqpozmaların baş veməsinə münbit şərait yaradan amillər hələ də mövcuddur. Belə ki, sözügedən cinayət əməlinin obyekti əsasən sutkanın qaranlıq vaxtı yaşayış zonalarından kənarda, eləcə də işıqlandırılmayan yol sahələrində saxlanılan, həyəcan siqnalları ilə təchiz edilməyən, kilit sistemi zəif olan, habelə asan hərəkətə gətirilən nəqliyyat vasitələri olur. Nəqliyyat vasitələri sahiblərinin avtomobillərini müxtəlif şəraitdə, əsasən avtotəmir, yaxud avtoyuma məntəqələrində tanımadıqları şəxslərə etibar etməsi də hüquqazidd əməllərin törədilməsinə şərait yaradır.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi avtomobil sahiblərinə və sürücülərə müraciət edərək onları bu növ cinayətlərin qarşısının alınması, eləcə də əmlakın hüquqazidd əməllərdən qorunması üçün qeyd olunan xüsusatlara diqqət yetirməyə, qabaqlayıcı tədbirlərin görülməsində polisə dəstək olmağa çağırır”.