Ailə institutu cəmiyyətin əsasını təşkil edir. Cəmiyyətin, xalqın, millətin etno-mədəni irsini daşıyan, adət və ənənələrini yaşadan, gənc nəslin tərbiyəsini formalaşdıran ailə institutu hər zaman cəmiyyətin bütün inkişaf proseslərinə, dövlətin sağlam dayaqlar üzərində qurulmasına öz ciddi təsirini göstərib. Hər bir ölkədə cəmiyyətin inkişafının kökündə möhkəm ailə durur, sağlam ailə sağlam cəmiyyətin əsasını təşkil edir. Azərbaycan xalqının mental dəyərlərində də ailə müqəddəs ocaq, hörmət və ehtiram mənbəyidir.
İnsanların mənəviyyatı, əxlaqi normaları və baxışları ilə bağlı olan milli mənəvi dəyərlərin yaradıcısı xalqdır. Xalqın mövcudluğunun əsas göstəricisi olan milli mənəvi dəyərlər onun ən qiymətli sərvətidir. Bu milli mənəvi dəyərlər bizim tariximiz, dilimiz, dinimiz, adət-ənənələrimiz, mentalitetimiz, ailəmiz, mədəniyyətimiz, ədəbiyyat və incəsənətimizdir. Azərbaycan cəmiyyəti müasir dünyanın bir parçasıdır, Qərb və Şərq mədəniyyətlərinin ən dəyərli cəhətlərini özündə birləşdirir. Dünyayla mədəni inteqrasiyamızın güclənməsi, informasiya texnologiyalarının sürətli inkişafı planetdə yaşayan xalqları bütövləşməyə və vahid dəyərlər sisteminə doğru aparır. Belə bir şəraitdə ənənəvi mədəniyyətin qorunması, milli mənəvi dəyərlərin yaşadılması üçün səylərin səfərbər edilməsi daha aktualdır. Ona görə də ilk növbədə cəmiyyətdə mövcud olan dəyərlərin günümüzdəki vəziyyəti öyrənilməlidir. Ümummilli lider Heydər Əliyev demişdir: “Mən bu gün bir azərbaycanlı kimi, özündə həm milli-mənəvi dəyərləri, həm də ümumbəşəri dəyərləri cəm edən bir insan kimi deyirəm ki, bizim xalqımızın mənəvi-əxlaqi mentaliteti onun ən böyük sərvətidir, milli sərvətidir. Bizdə nə qədər gözəl əxlaqi qaydalar var, bunlar əsrlər boyu formalaşıb, məsələn, kiçiyin böyüyə hörməti, böyüyün kiçiyə qayğısı, övladın valideynlərinə hədsiz hörməti, valideynlərin də öz övladlarına olan qayğısı və məhəbbəti. Bu, bizim xalqımızın mentalitetidir. Ümumbəşəri dəyərlər konstitusiyamızda öz əksini tapıbdır. Biz hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu prosesi aparırıq. Bax bu bir cümlədə ümumbəşəri dəyərlərin ifadəsi öz yerini tapıbdır. Ümumbəşəri dəyərlərlə milli-mənəvi dəyərlərin vəhdəti, sintezi bizim milli ideologiyamızın bu günü və gələcəyidir”.
Bəli, xalqımız hər zaman öz böyüklərinə, yaşlı insanlara hörmət göstərib, qadına – anaya, bacıya dəyər verib. Bu aspektdə onu da qeyd etmək lazımdır ki, Azərbaycanda hər zaman qadınların cəmiyyət həyatında böyük rolu və hüquqları olub. Qadınlarımız həm ailədə, həm cəmiyyətdə, həm təsərrüfat işlərində, həm də döyüş meydanlarında kişilərlə çiyin-çiyinə dayanıb. Hürrəmilərin hakimiyyəti zamanı – (Babək dövrü) hakimiyyəti vaxtı qadınlara geniş hüquqlar verilməsi, sonrakı Azərbaycan dövlətlərində də qadınların mövqeyinin artması tariximizin gerçəklikləridir.
1918-ci ildə müsəlman şərqində yaradılan ilk respublika – Azərbaycan Xalq Cümhuriyyəti tarixdə qadınlara seçki hüququ və s. hüquqlar verilən ilk ölkələrdən sayılır. Digər tərəfdən, müstəqilliyimizə son qoymaqla, tarixi ərazilərimizin bir hissəsini ermənilərə verməklə, təbii sərvətlərimizi vəhşicəsinə istismar etməklə yadda qalan imperiya olmuş SSRİ-də qadınların cəmiyyətdə, ailədə, dövlət sistemində roluna xüsusisi diqqət yetirilməsi qeyd olunmalıdır. SSRİ dağıldıqdan və Azərbaycan müstəqil dövlət olduqdan sonra isə gender bərabərliyi qanunvericiliyində yüksək səviyyədə təsbit olunub. İnsan hüquqlarının tərkib hissəsi olan qadın və uşaq hüquqları, gender bərabərliyi sahəsində milli qanunvericiliyin təkmilləşdirilməsi və yeni normativ hüquqi aktların qəbul edilməsi bu sahələrdə müsbət nəticələrin əldə edilməsinə səbəb olub. Ölkəmizin “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” və “Uşaq hüquqları haqqında” BMT konvensiyalarına qoşulması, qadın və uşaq hüquqları sahəsində dövlət siyasətinin formalaşması, normativ hüquqi bazanın təkmilləşdirilməsi, “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” və “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunların qəbul edilməsi və institusional islahatlar bu istiqamətdə atılan mühüm addımlardır. Qadınların cəmiyyətin bütün sahələrində fəallığının artırılması, uşaq problemlərinin həllinin önə çəkilməsi istiqamətində görülən işlər, siyasi, iqtisadi və sosial sahələrdə gender bərabərliyi amilinə daha çox əhəmiyyət verilməsi insan hüquqlarının qorunmasına öz bəhrəsini verməkdədir.
Müasir cəmiyyətdə milli ailə dəyərləri və formalarının mövcud vəziyyətinin araşdırılması və ağsaqqallıq-ağbirçəklik institutu vasitəsilə nəsildən-nəslə, əsrdən-əsrə daşınan mənəvi dəyərlərin qorunması yollarını tapmaq məsələsi daha önəmli görünməkdədir.
Əlbəttə, Azərbaycanlıların ana kitabı hesab olunan “Kitabi-Dədə Qorqud” boyları özündə tarixin ən dərin qatlarından süzülüb gələn, ailə dəyərlərimizlə bağlı bir çox adət ənənələrimizi yaşadır. Ən qədim dövrlərdən başlayaraq günümüzə qədər əldə etdiyi mənəvi dəyərlər içərisində ailə – ağsaqqallıq-ağbirçəklik institutunun önəmli yeri vardır. Bu institut cəmiyyətdə kiçiklərlə böyüklərin yerini, rolunu və əhəmiyyətini özündə ehtiva edir. Kiçiklərə qayğı, qadınlara sayğı, böyüklərə hörmət, onlara göstərilən ehtiram bu institutun müasir dövrdə də mövcud olan mənəvi dəyər seqmentlərinin əsaslarındandır.
Ailədə qadın tərbiyəedici, nəsilverici, əməksevərlik və estetik zövqün inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Qadın həm qayğıkeş bacı, sədaqətli həyat yoldaşı, müqəddəs ana kimi nəinki övladının, bütün cəmiyyətin tərbiyə olunmasında özünəməxsus rolunu daim saxlayır. Statistikaya nəzər salsaq, ölkə əhalisinin ümumi sayının 50,2 faizini qadınlar təşkil edir. Bu gün cəmiyyətdə hüquqları tapdanan, zorakılıqla üzləşən, istismar olunan qadın obrazı artıq öz hüquqları sahəsində maariflənən, özünü təsdiq edən, siyasətdə, dövlət və vətəndaş cəmiyyəti quruculuğunda, elmin inkişafında, mədəniyyət, səhiyyə, iqtisadiyyat və digər sahələrdə öz sözünü deyə bilən qadın obrazı ilə əvəzlənməkdədir. Bu gün müasir texnologiyaların inkişafı fonunda gənclərimizin baxışlarında müasirlik, kreativ düşüncə tərzinə meyllilik müsbət hal sayılır.
Ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik ənənələrinin layiqli davamçısı olduğunu əməli fəaliyyəti ilə sübuta yetirən Prezident İlham Əliyev eyni zamanda Azərbaycanın milli mənəvi dəyərlərinin ən qüdrətli mühafizəçisi kimi görürük. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan və milli mənəvi dəyərlərə dayanan islahatların başlıca məqsədi müasir dünya çağırışlarına cavab verən güclü, rəqabətədavamlı və vətəndaşın daha yaxşı yaşadığı dövlətin qurulmasıdır. Bu vəzifələri yerinə yetirmək üçün xalqımızın özünün milli mənəvi dəyərlərinə, tarixinə sahib çıxması vacibdir. Prezident İlham Əliyevin konsepsiyasına görə, milli ruhu qorumağın, inkişaf etdirməyin və yeni nəsillərə çatdırmağın ən mühüm şərti məhz milli dövlətçilikdir. Milli dövlət ancaq ərazinin, maddi sərvətlərin deyil, həm də milli mənəvi dəyərlərin qorunmasına xidmət edir. Dövlətçilik hisslərinə malik olmadan xalq milli dövlətini inkişaf etdirə bilməz.
Bu gün işğaldan azad edilmiş torpaqlarımıza qayıdış başlayıb. Bu torpaqlarda bir zaman mövcud olmuş ənənələri də məhz bir zamanlar bu torpaqlardan didərgin salınmış və o ənənələri yaşadan ailələr qaytarır və qaytaracaq. O ailələr Şuşanı, Qarabağı yenidən mədəniyyət beşiyinə çevirir…
Yaşar Ağazadə
Qeyd: Yazı “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda milli-mənəvi dəyərlər və ailə modeli: Keçmişdən gələcəyə” layihəsi çərçivəsində hazırlanıb.