Yanvarın 2-də Abşeron rayonu, Masazır qəsəbəsində eyvandan yıxılan yeniyetmə Ayan Aslanova ilə bağlı çağırışa tibbi yardımın gəlməməsinin cəmiyyətdə doğurduğu mənfi reaksiya fonunda TƏBİB rəhbərliyi bacarıqsızlığını pərdələməyə çalışmaqdadır.
Heftelik.az-ın məlumatına görə, TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri Zamirə Ədilova bug gün bildirib ki, hazırda xidmətin optimallaşdırılmasının həyata keçirilir: “Söhbət Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, “113” Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Avtobazasının fəaliyyətinin bir mərkəzdə – Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi kimi birləşdirilməsindən gedir. “Vahid pəncərə” sistemi qurulur ki, bu da xidmət keyfiyyətinin yüksəldilməsi, təcili, təxirəsalınmaz tibbi yardım xidməti göstərən əməkdaşların bilik və bacarıqlarının eyni dərəcədə artırılması, vahid standartlar əsasında iş prinsipinin tətbiqinə hesablanıb”.
Qeyd edək ki, TƏBİB hələ 3 ay əvvəl – 29 sentyabr 2023-cü ildə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi yaradıldığı barədə məlumat yayıb. Həmin məlumatda da qeyd olunmuşdu ki, əhaliyə göstərilən təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin keyfiyyətinin, əlçatanlığının və operativ göstərilməsinin təmin olunması, habelə tibb işçilərinin maddi rifahının yüksəldilməsi istiqamətində davamlı tədbirlər həyata keçirilir. Bildirilmişdi ki, respublika əhalisinin sağlamlığının qorunması istiqamətində tibbi xidmətlərin daha da yaxşılaşdırılmasını, yüksək səviyyədə təcili və təxirəsalınmaz tibbi yardım göstərilməsini təmin etmək məqsədi ilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki təcili və təxirəsalınmaz tibbi yardım stansiyaları yenidən təşkil olunur: “TƏBİB-in Müşahidə Şurasının qərarına əsasən Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, “113” Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Avtobazasının fəaliyyəti optimallaşdırılaraq bir mərkəzdə – “Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” publik hüquqi şəxsin qismində birləşdirilir. Mərkəzin yaradılmasında məqsəd xidmət keyfiyyətinin beynəlxalq səviyyəyə yüksəldilməsi, təcili və təxirəsalınmaz tibbi yardım xidməti göstərən əməkdaşların bilik və bacarıqlarının eyni dərəcədə artırılması, vahid standartlar əsasında iş prinsipinin, eləcə də təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin “vahid pəncərə” sistemi şəklində qurulmasıdır…”.
Bir sözlə, köhnə hava…
Qeyd edək ki, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovdur. Vüqar Qurbanov sonunci dəfə qızının bahalı toy mərasimi ilə yadda qalıb.
Masazır qəsəbəsində eyvandan yıxılan və təcili tibbi yardımdan mərhum qalan da qız olub, yeniyetmə…