Prezident İlham Əliyev: “Bu gün bütün dünya azərbaycanlıları haqlı olaraq müstəqil Azərbaycanla fəxr edirlər”
Ötən əsrin 80-ci illərinin sonlarında Azərbaycan xalqının milli özünüdərki güclənmiş, ictimai həyatın demokratikləşməsi istiqamətində xalq hərəkatı genişlənmişdi. Azərbaycanda demokratik qüvvələr milli birlik və müstəqillik ideyası ətrafında birləşərək siyasi və ictimai birliklər yaratmışdılar. Artıq 90-cı illərin əvvəllərində dünya azərbaycanlılarının həmrəyliyi və birliyi üçün ictimai-siyasi zəmin yaranmışdır. Məhz bu zərurətdən irəli gələrək 16 dekabr 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən Heydər Əliyevin imzası ilə “Dünya Azərbaycanlılarının Həmrəylik və Birlik Günü” bayramının təsis edilməsi haqqında qərar təsdiqlənib. Qərarda qeyd olunur ki, kommunist ruhlu kütləvi informasiya vasitələri var gücü ilə sərhədlərin sökülməsini vəhşilik adlandırdı, nəyin bahasına olursa-olsun xalqın iradəsini, inamını qırmağa cəhd göstərdi: “1990-cı ilin noyabr ayının 3-də Türkiyədə keçirilən Birinci Millətlərarası Azərbaycan dərnəkləri qurultayı isə Naxçıvan Muxtar Respublikasından başlanmış sərhəd hərəkatının real davamı kimi milli birlik və həmrəylik yolunda atılan daha bir mühüm addım oldu. Noyabr ayının 5-də qurultayın qəbul etdiyi qərarda 31 dekabr gününün hər il geniş qeyd edilməsi zərurəti irəli sürüldü”. Bəlkə də, məhz bu amil xaricdə yaşayan soydaşlarımız tərəfindən ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəldikdən sonra gördüyü işlərə diqqəti artırmış, Azərbaycan dövlətinin varlığına və gələcəyinə inam və ümidlər yaratmış, onların tarixi Vətənlə əlaqələrinin genişlənməsinə səbəb olmuşdu. Bu qərarla ulu öndər Heydər Əliyev dünya azərbaycanlılarının milli birlik və həmrəylik nümayiş etdirməsi, xaricdə Azərbaycan diasporunun təşəkkül taparaq formalaşması problemini dövlət səviyyəsinə qaldırdı. Həmrəylik günü dünya azərbaycanlılarının birləşmə istəyinin simvoludur. Uzun zaman bir-birinə həsrət qalan Azərbaycan xalqının Arazın hər iki sahilində sərhəd yürüşü – Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəklərini yıxması, millətin həftələrlə Araz qırağında gecə-gündüz birləşmək şüarı əslində azərbaycanlıların bir millət olduğunu dünya çapında bir daha canlandırmağa və Azərbaycanı bütövləşdirməyə cəhd idi. Həmrəylik günü bu birləşmək istəyinin simvolik nişanıdır. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Sözsüz ki, bu əlamətdar təqvim bilavasitə bu ideyanın təşəbbüskarı və həmin tarixi qərara imza atmış şəxs – Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider Heydər Əliyev 1998-ci ildə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə müraciətində bütün dünya azərbaycanlılarının milli-mənəvi varlığını yaşadan bir dövlətin olduğunu demişdir: “Bu dövlət Azərbaycan Respublikasıdır. Onun müstəqilliyini dönməz etmək, dövlətçiliyini qorumaq, ərazi bütövlüyünü, təhlükəsizliyini və sərhədlərinin toxunulmazlığını təmin etmək, bütün ölkələrlə bərabər hüquqlu, qarşılıqlı faydalı əməkdaşlığa nail olmaq tək Azərbaycan Respublikası vətəndaşlarının deyil, bütün dünya azərbaycanlılarının övladlıq borcudur.”
Ülu Öndər Heydər Əliyev xaricdəki soydaşlarımıza tövsiyə edirdi ki, mütərəqqi yenilikləri Azərbaycana gətirsinlər. 2001-ci il noyabrın Bakıda Dünya azərbaycanlılarının I Qurultayında Ülu Öndər Heydər Əliyev tarixi çıxış edərək xaricdəki soydaşlarımıza bir daha konkret tövsiyələrini vermişdir. Bu baxımdan Prezident İlham Əliyev də xaricdəki soydaşlarımıza çağırışlar edib. Buna uğun olaraq da soydaşlarımız fəaliyyət göstərirlər. Artıq hər 5 ildən bir Azərbaycanda Dünya azərbaycanlılarının qurultayının keçirilməsi ənənəyə çevrilib. Sonuncu belə qurultayın 2022-ci ilin aprelində Şuşada keçirilməsi isə dünya azərbaycanlıları üçün unudulmaz tarixi tədbir olmuşdur.
Azərbaycançılığı qorumaq və təbliğ etmək qəlbdən gələn milli hissdir. Bu gün xaricdə yüksək vəzifələrdə çalışmalarına baxmayaraq bu hisslə yaşayan soydaşlarımız az deyil. Dövlət başçısı xaricdə yaşayan hər bir azərbaycanlının maraq və mənafeyinin qorunmasını Azərbaycan dövlətinin başlıca vəzifəsi hesab edir. Cənab Prezidentin bu istiqamətdə ortaya qoyduğu siyasi iradə ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımızda milli ruhun yüksəlməsinə, onların vahid ideologiya və məqsədlər ətrafında daha sıx səfərbər olmalarına böyük töhfə verir. Onlar Azərbaycandan mənəvi güc alırlar. Prezident İlham Əliyev 31 dekabr 2023-cü il tarixində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində bildirmişdir ki, bu gün bütün dünya azərbaycanlıları haqlı olaraq müstəqil Azərbaycanla fəxr edirlər: “Bu gün dünya azərbaycanlıları Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü tam yeni bir ovqatla qeyd edirlər. Artıq üç ildir ki, dünya azərbaycanlıları bütün Azərbaycan xalqı kimi ruh yüksəkliyi ilə yaşayır, başını dik tutub yaşayır, alnıaçıq, üzüağ yaşayırlar”. Dövlətimizin başçısı sanki bütün dünya azərbaycanlılarının ürəyindən gələn səsi qeyd edib. Çünki Azərbaycanın Qarabağ üzərində şanlı Zəfəri hər bir soydaşımızın üzünü ağ edib. Cənab Prezident alnımızdakı ləkəni götürüb. Məhz buna görə də dünya azərbaycanlıları Ali Baş Komandana, Ordumuza minnətdardır.
Səyavuş Qasımov,
Avrasiya Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru,
siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent