Hər bir xalqın özünəməxsus milli-mənəvi dəyərləri var. Bu dəyərlərin qorunaraq gələcək nəsillərə ötürülməsi ən əsas amillərdən biridir. Bəşər övladı yaranan gündən bu günə qədər dünyada ayrı-ayrı xalqlar və millətlərin özünəməxsus ailə dəyərləri, ailə institutu formaları olub və bu gün də bu davam edir. Azərbaycan xalqı üçün hər zaman – tarixən də, bu gün də ailə dəyərləri hər zaman müqəddəs sayılıb. Çünki ailənin ümumi sosioloji inkişaf qanunauyğunluqları cəmiyyətə bağlıdır. Ailə münasibətləri cəmiyyətdə formalaşan ictimai münasibətlərlə şərtlənir. Cəmiyyətdə dəyişikliklər baş verdikcə bu özünü ailə modelinin formalaşmasında da biruzə verir. Əslində hər bir ailə özü-özlüyündə kiçik bir dövlət modelidir. Ailənin idarəetməsində prinsiplər və dəyərlər nə qədər düzgün seçilərsə, o ailənin inkişafı və cəmiyyətin sosioloji rolu da bir o qədər olur.
Ailə mövzusu ümumilikdə bütün dövrlərin aktual məsələlərindən biridir və ailədə dəyərlərin qorunması nə qədər yaxşı tənzimlənərsə o ailənin formalaşması da bir o qədər yaxşı nəticə verəcək.
Azərbaycandakı bu günün ailə modeli dəyərlərimiz nə qədər uyğundur? Müasir Azərbaycan ailəsi bizə babalarımızdan qalan mənəvi dəyərlərimizi gələcəyə ötürməyə imkan verirmi?
İlk növbədə qeyd etməliyik ki, ailə insan üçün ən mühüm və vacib amillərdəndir. Bu gün ölkəmizdə ailə dəyərlərinin qorunması həm xalq tərəfindən, həm də milli qanunvericiliyimizdə yüksək səviyyədə qorunur. Ötən əsrin 90-cı illərin əvvəllərində Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizdə hüquqi dövlətin yaradılması istiqamətində bir sıra addımlar atıldı. Azərbaycan Respublikasının Konstitusiyası qəbul olundu. Konstitusiyanın qəbulundan sonra bir sıra qanunlar qəbul olundu. Azərbaycanda ailə dəyərləri, ailə institutunun formalaşdırılması, ailənin dövlət tərəfindən təminatları, ailə üzvlərinin hüquq və statusları ilə bağlı “Ailə Məcəlləsi” qəbul olunub. Daha sonra isə ölkəmizdə kişi və qadın hüquqlarının bərabərliyinin qorunması ilə bağlı “Gender bərabərliyi haqqında” Qanunu qəbul oldu ki, bu qanunun qəbulu kişi və qadınların hüquq bərabərliyinin qorunmasına xidmət edir.
Qeyd etmək lazımdır ki, Azərbaycanda ailə məsələləri ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri ilə bağlı Dövlət Komitəsi də fəaliyyət göstərir. Ailə, Qadın və Uşaq Problemləri ilə bağlı Dövlət Komitəsinin əsas funksiyası ailə dəyərləri, uşaqların gələcəyə, ailə dəyərlərinin dövlət səviyyəsində dəstəklənməsi və qorunması istiqamətindədir.
Azərbaycan xalqı hər zaman qadının münasibətdə yüksək dəyələrdən çıxış edib. Ta qədimdən bu günə qədər Azərbaycanda qadınların “Xanım”, “Xatın”, “Ağabəyim”, “Sultanım” kimi müraciət formaları olub. Azərbaycan qadını hər zaman dəyərli olub. Təkcə xanım kimi, bir ana kimi deyil, həm də dövlətin və cəmiyyətin inkişafında öz töhfələrini verməyə çalışıb. Azərbaycanın tarixinə nəzər salsaq Sara xatın, Tomris kimi qadınlar olub. Bundan başqa Xurşudbanu Natavan kimi həm şairə, həm də Qarabağ Xanlığında söz sahibi olan bir xanım olub. Qadına münasibət bizim cəmiyyət üçün hər zaman dəyərlidir. Bu günümüzdə də ailə dəyərlərini qoruyur.
Doğrudur, zamanla bir sıra Qərb institutları Azərbaycanda ailə institutlarının pozulması, dağıdılması üçün fəaliyyətlər göstəriblər. Hətta ölkəmizdə xaricdən maliyyələşən bəzi QHT-lər tərəfindən feminizm tərəfdarlarının artırılmasına müxtəlif cəhdlər də olub. Amma əminliklə demək olar ki, bu cəhdlər elə də effektiv olmadı, çünki xalqımız tərəfindən keçmişdən bu günə gələn ailə dəyərlərinin böyük hissəsi qorunmaqdadır. Böyüyə diqqət, kiçiyə hörmət, yaşlı insanların diqqət və qayğı ilə əhatə olunması kimi dəyərlər də bu günümüzdə də var.
Bütün bunlar müasir Azərbaycan ailələrinin əsas dəyərləridir. Hər bir xalqın gələcəyə yönəlmiş öz prioritetləri olur. Bu prioritetlər sırasında təhsil, inkişaf və digər parametrlər var. Amma bunların sırasında ən önəmlisi milli-mənəvi dəyərlərə sığınan ölkə modelinin qorunmasıdır. Çünki gələcəyin bir alimi, bir mütəxəssisin yetişməsi üçün birinci növbədə onun normal ailə mühitdə böyüməsi, öz milli kimliyinin və dəyərlərinin bilməsi vacibdir.
Bununla belə, yaşadığımız dünyada elmin və texnologiyanın sürətlə inkişaf etməsinə baxmayaraq, hələ də cəmiyyətdə keçmişdən qalan və bəzi hallarda da mentalitet kimi izah olunan problemlər var. Söz yox ki, keçmiş dəyərlərin qorunması, milli kimliyin yaşadılması milli adət və ənənələrin qorunub gələcək nəsillərə ötürülməsi, milli kimliyimiz və gələcəyimiz üçün vacib amillərdəndir. Bununla belə etiraf etməliyik ki, cəmiyyətimizdə bu gün xoşagəlməz və bir çox hallarda cəmiyyəti inkişafdan saxlayıb, cahilliyə sürükləyən amillər də olmamış deyil. Bəzən belə neqativ hallar “milli mentalitet” adı altında sığortalamağa çalışsalar da, əslində bu hallar heç də mentalitet dəyərləri ilə də uyuşmur.
Cəmiyyətdə baş verən dəyişikliklər, iqtisadi-siyasi sistemin dəyişməsi bir tərəfdən özünü sosial, hüquqi təsirini göstərsə də, digər tərəfdən də mənəvi əxlaqi dəyişikliklərə səbəb olur. Cəmiyyətdə baş verən dəyişikliklər bir tərəfdən cəmiyyətimizin dünyaya inteqrasiyanı tələb etsə də, digər tərəfdən milli xüsusiyyətlərin qorunması və inkişaf etdirilməsini tələb edir.
Ailənin mürəkkəb quruluşa malik olması ilə yanaşı, bir faktı da qeyd etmək lazımdır ki, burada fərdlərin münasibətləri də rol oynayır. Eləcə də burada müxtəlif cəmiyyətlərin, xalqların, etnosların bir-birinə inteqrasiyasının da rolu var. Yəni-ictimai münasibətlərin ailədaxili münasibətlərə təsirinin öyrənilməsi üçün cəmiyyətlər üçün ümumi olan cəhətlərlə yanaşı xüsusi olan məqamları da nəzərə almaq lazımdır. Ailədə qarşılıqlı münasibətlərə xələl gətirən amillər, iqtisadi amil – işsizlik, həyat səviyyəsinin, yoxsulluğun həddindən aşağı olması, ailənin və ya onun üzvlərindən birinin qeyri-sağlam həyat tərzi, zorakılıq, hədsiz qısqanclıq, mənəvi dünya görüşün məhdud olması və başqalarıdır.
Qeyd edək ki, hər bir xalqın özünəməxsus milli xüsusiyyətləri olduğu kimi, adət-ənənələrə münasibətləri və yanaşmaları da fərqlidir. Azərbaycan və digər müsəlman ölkələrində qızların üzərində ailə qurana qədər özlərini qorumaq və ya “bəkarət” anlayışı ilə bağlı həm ailə, həm də cəmiyyətin böyük təzyiqi var. Azərbaycana qonşu olan ölkələrində isə bu məsələlərin heç bir əksəriyyəti yoxdur və həmin cəmiyyətlərdə bu heç ictimai təzyiq vasitələri sırasında da deyil.
Bu vaxta qədər aparılan statistik göstəricilərə görə nəinki Azərbaycanda, hər il dünyada baş verən ailə münaqişələri və boşanmaların böyük əksəriyyəti ailənin ictimai münasibətlərdən aldığı zərbələrlə bağlı olur. Yəni tək Azərbaycanda deyil, dünyanın hətta ən inkişaf etmiş ölkələrində belə ictimai münasibətlərin bu və ya digər şəkildə elə ailə münasibətlərinə təsiri olur. Odur ki, ictimai münasibətlərin ailəyə təsirlərindən danışanda bu kimi yaradacaq müsbət və mənfi amillər də ciddi şəkildə nəzərə alınmalıdır.
Yaşar Ağazadə
Qeyd: Yazı “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda milli-mənəvi dəyərlər və ailə modeli: Keçmişdən gələcəyə” layihəsi çərçivəsində hazırlanıb.