Hər bir insanın formalaşmasında ailə münasibətlərinin müstəsna xidmətləri var. Ailə dəyərləri fərqli olan ölkələr kimi, ailə dəyərləri müxtəlif olan insanlar da var. Məsələn, bir sıra Qərb ölkələrində ailə üzvü olan insanların həyat tərzini sərbəstliyi (istədiyi kimi yaşaması anlamında) ifrat həddə ola bilir. Yəni istər ailə başçının ailəyə yetərincə diqqət yetirməməsi, istərsə də ailə üzvlərinin davranış və hərəkətlərində ailə meyarlarını nəzərə almaması, bu birliyi ailədən çox bir araya yığılan sosial topluma bənzədir. Təbii ki, bütün Qərb ölkələrində bu belə deyil. Məsələn, İngiltərədə olduqca mühafizəkar ailə modeli var. Amma bəzi ölkələrdə  ailə üzvlərinin bir-birinin iş həyatı, yaşam tərzi ilə bağlı məlumatlar yetərincə olmur. Bu cür ailələr sanki bir dam altında yaşayan insanlardan ibarətdir və təbii ki, burada hansısa dəyərlərdən danışmaq yersizdir.

Bir çox Şərq ölkələrində, eləcə də Azərbaycanda ailə hər bir insanın həyatında mühüm yer tutur. Ailənin başçısı olaraq atanın öz funksiyası, ailə başçısının yardımçısı olaraq ananın öz, uşaqların da öz funksiyaları olan və bir çox hallarda bu yazılmamış qanunlarla, adət və ənənələrlə tənzimlənir.

Hüquqi dövlətdə isə ailə dəyərləri təkcə milli adət-ənənələrlə deyil, həm də qanuni normalarla tənzimlənir.

Azərbaycan ailə dəyərlərinin yüksək dəyər verən ölkə olduğundan, bizim ölkənin qanunvericiliyində ailə dəyərləri, onların qorunması, valideynləri və uşaqların hüquqları, uşaqları, onların iş və təhsil hüquqları ilə bağlı bütün məsələlər əksini tapmışdır. Azərbaycan Respublikasında ailə dövlətin himayəsindədir. “Ailə Məcəlləsi”nə görə heç kim zorla ərə verilə və ya evləndirilə bilməz. 18 yaşı tamam olmuş hər bir Azərbaycan vətəndaşı nikaha girməklə bağlı sərbəstdir və bu istiqamətdə verdiyi qərarlara da kiminsə müdaxilə etməsi qanunla qadağandır. Bununla belə   günümüzdə də belə övladlarının ailə qurmaq ilə bağlı məsələlərdə valideynlərinin müdaxilə halları var və ən maraqlısı odur ki, bu müdaxilələrlə uşaqlar tərəfindən çox nadir hallarda təpgi gəlir. Həmçinin qanunvericilikdə valideyn-uşaq münasibətləri, eləcə də yaşlı valideynlərə övladlar tərəfindən diqqət göstərilməsi kimi məsələlər qanunvericilikdə öz əksini tapıb.

Bunun da əsas səbəblərindən biri formalaşmış və milli psixologiyaya  çevrilmiş,  adət ənənələrdir. Bununla belə qanunvericilikdə hər hansı müstəsna ailə üzvlərinə qarşı basqı, təzyiq və şiddətlə bağlı qadağaları var.

 

İstər Ali Qanunumuz olan   Azərbaycan Respublikasının   Konstitusiyasında, istərsə də digər normativ – hüquq aktlarda insan və vətəndaş hüquqlarının qorunmasına dair müvafiq məsələlər əksini tapmışdır.

Başqa sözlə desək, insan və vətəndaş hüquqlarının qorunması Azərbaycan qanunvericilik aktlarında ən yüksək şəkildə əksini tapıb. Qeyd edək ki, Azərbaycan Respublikası insan və vətəndaş hüquqlarının qorunması sahəsində beynəlxalq konvensiyalara da qoşulub.  Həmçinin ölkəmizdə “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun qəbul edilib. Həmin qanunda məişət zorakılığının baş vermə motivləri (fiziki zorakılıq, məişət zəminində psixi zorakılıq, məişət zəminində iqtisadi xarakterli, qanunsuz məhdudiyyətlərin tətbiqi, məişət zəminində cinsi zorakılıq və s.) kimi məsələlər əksini tapıb. Qanunvericilikdə həmçinin məişət zorakılığın qarşısının alınması yolları-məişət zorakılığının təhlükəsinin aradan qaldırılması məqsədi ilə həyata keçirilən hüququ, sosial və qabaqlayıcı tədbirlər haqqında da məsələlər öz əksini tapmışdır.

Həmçinin ölkəmizdə kişi və qadın bərabərliyinin nəzərdə tutan “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” qanun da qəbul edilib. Bu qanunun məqsədi cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarını aradan qaldırmaqla, kişi və qadınlara ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində bərabər imkanlar yaratmaqla gender bərabərliyinin təmin edilməsindən ibarətdir.

Cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formaları qadağandır.

Aşağıda sadalananlar ayrı-seçkilik hesab olunmur:

– qadınlar üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş güzəştlər, imtiyazlar və əlavə təminatlar;

– kişilər üçün həqiqi hərbi (alternativ) xidmətə çağırış;

– kişi və qadınlar üçün qanunla müəyyənləşdirilmiş fərqli pensiya və nikah yaşı;

– Ailə Məcəlləsinin 15-ci maddəsinə uyğun olaraq, ərin nikahın pozulmasını tələb etmək hüququnun məhdudlaşdırılması;

– kişi və qadınlar üçün cəzaçəkmə müəssisələrində fərqli şəraitin yaradılması;

– gender bərabərliyinin təmin edilməsi məqsədilə xüsusi tədbirlərin həyata keçirilməsi.

Cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması, kişilər ilə qadınlara bərabər imkanların yaradılması, dövlətin idarə olunmasında və qərarlar qəbul edilməsində bir cinsin nümayəndələrinin üstünlüyünə yol verilməməsi üçün dövlət tədbirlər görür.

Başqa sözlə desək, Azərbaycanda istər valideynlər, istərsə də qadın və uşaqların, ailə dəyərlərinin qorunmasını təmin edən hüququ baza mövcuddur. Sosial toplum ayrı-ayrı mühitlərdən və ailələrdən gələn insanların bir araya gəldiyi yerdir. Təbii ki, hər bir şəxsin formalaşmasında onun böyüdüyü ailənin və yaşadığı mühitin rolu əsasdır.

 

Yaşar Ağazadə

 

Qeyd: Yazı “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda milli-mənəvi dəyərlər və ailə modeli: Keçmişdən gələcəyə” layihəsi çərçivəsində hazırlanıb.