Qloballaşan dünyada xalqların və mədəniyyətlərin bir-birinə qarşılıqlı inteqrasiyası qaçılmazdır və inkişaf nöqteyi-nəzərdən məsələyə yanaşsaq doğurdan da bu günümüzün gerçək reallığıdır. Lakin hər kəsə aydındır ki, xaricdən heç də həmişə müsbət təsirlər gəlmir.

Məsələn, heç də sovet dönəmində hər kəs xarici ölkəyə səfər edə bilmirdi.  Vətəndaşın xaricə getməsi üçün onlarla sorğu-sual, yoxlama aparılırdı və xarici ölkədən səfərdən qayıdandan sonra da eyni qaydalarla insanlar sorğu-sual edilirdilər. Müstəqilliyimiz əldə olunduqdan sonra istənilən Azərbaycan vətəndaşının xarici ölkəyə səfər etməsi adi haldır və hər kəs bu hüquqlardan sərbəst istifadə edir. Ən müsbət amillərdən biri gənclərimizin xarici universitetlərdə təhsili ilə bağlıdır. Hazırda istənilən gənc öz bilik və bacarıqlarına uyğun olaraq istər fərdi şəkildə, istərsə də dövlət dəstəyi ilə xaricə gedib oxuya bilir.

Lakin bu bəzən başqa problemlər də yaradır. Hansısa gəncin xaricdə hansısa qruplaşmaların və ya dini təriqətin təsiri altına düşməsi və sonradan  ölkəyə qayıtdıqda bir çox hallarda həmin gənclər təsiri altında dikbaş qrupların tələblərini yerinə yetirməyə çalışırlar ki, bunun da nəticəsi çox ağrılı olur və bir çox hallarda onların yolu həbslə bitir.

Bəs qloballaşan dünyada, telekommunikasiyanın sürətlə inkişaf etdiyi bir vaxtda biz gənclər milli-mənəvi dəyərlərimizi necə aşılamalıyıq ki, bu dəyərlərimiz gələcək nəsillərə də  ötürülə bilsin?

Bu suala cavab fərqli formalarda da ola bilər. Lakin burada əsas amilin ailə olduğu birmənalıdır. Çünki hər bir insan uşaq olarkən, tam olmasa da örnəklərinin böyük hissəsi ailədən asılı olur. Məsələn, belə bir hekayə dinləyək: “Uşaq vaxtı biz nənəmlə ayrı-ayrı evlərdə yaşayırdıq. Nənəm tez-tez bizə qonaq gəlirdi. Mən baxırdım ki, nənəm gələndə çayımız yeni dəmdə olsa da, anam nənəmə çay dəmlərdi və ona çayı özünün ən bahalı billur stəkanında verərdi. Nənəm üçün ayrıca yemək bişirilər, evdə görülməsi nəzərdə tutulan işlər təxirə salınırdı. Əslində nənəmə bişən yeməyi də çox vaxt elə biz uşaqlar yeyirdik. Amma mən görürdüm ki, nənəm ona göstərilən bu diqqətdən çox xoş hal olur. Anamız bizə böyüklərə necə hörmət, diqqət göstərilməli olduğunu sözlə deyil, hərkət və davranışı ilə göstərirdi və mən böyüyəndə anladım ki, bunun özü mənəvi dəyərlərin uşaqlara ötürülməsinin bir nümunəsi imiş. Əslində bu cür hekayələr çoxdur və hər bir ailədə valideynlərin tərbiyə metodu fərqlidir. Bununla belə, hamı üçün örnək sayılan məqamlar var ki, bunlar heç vaxt dəyişmir. Odur ki, əksər sosioloqlar da gənclərin təlim-tərbiyəsinin ailənin və məktəbin rolunun böyük olduğunu qeyd edirlər. Hesab olunur ki, ailədən və məktəbdən olan mühit və uşaqların tərbiyəsi, eləcə də mənəvi dəyərlərin şüuraltı ötürülməsinə böyük dəstək verə bilir. Kiçik yaşlı bu qızın hekayəsinin dinləyək: “Mən məktəbdə oxuyanda, bizim məktəbdə hər səhər dərslər dövlət himninin oxunması ilə başlayır. Himn oxunan zaman kimsə geciksə, mühafizə xidmətinin işçiləri həmin uşaqları hərəkət etməyə qoymurlar. Deyirlər ki, himn çalınan zaman harada dayanmısansa,  orada qal və himni oxu. Biz başa düşürük ki, himnimizi ayaqüstə dayanıb oxumaq lazımdır. Başqa heç nə etmək olmaz”.

Bu kimi nümunələr başqa müstəvidə də göstərmək olar. Yəni, istənilən halda müasir dünyada milli-mənəvi dəyərlərin istər qorunması, istərsə də gələcək nəsillərə ötürülməsində ailə və məktəb əsas amil olaraq qalır.

Odur ki, istər valideynlər, istərsə də ölkədəki təhsil siyasətini həyata keçirən və bu sahəyə nəzarət edən qurumlar mənəvi dəyərlərin qorunması məsələsində daha diqqətli olmalı və məsələyə həssas yanaşılmalıdır. Əks halda, cəmiyyətdə deqradasiya arta bilər ki, bunun da ən böyük mənfi tərəfi milli dəyərlərin məhv edilməsidir.

 

Bu aspektdə bir mühüm amili də mütləq nəzərə almaq lazımdır. “Vətəni sevmək azdır, onu qorumaq gərək”. Bu deyim də bizə ulu babalarımızdan miras qalan mənəvi dəyərlərimizdəndir. Dünyada yaşayan xalqlar və millətlər çoxdur. Hər xalqın, millətin nümayəndələrinin torpaq, vətən sevgisi ilə bağlı özünəməxsus dəyərləri və prinsipləri var.  Azərbaycan xalqı ta qədimdən bu günə qədər torpaq, vətən, xalq sevgisini içində daşıyan və nəsildən – nəsilə ötürən xalqdır.

 

Vətənpərvərliyin təbliğatı hər zaman Azərbaycan dövlətçiliyinin qorunmasında da əsas ana kimi olub. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda olan xaos, dövlət idarəçiliyində baş verən yarıtmaz siyasət, torpaqlarımızın 20 faizinin işğalı ilə nəticələndi. O zaman Ulu Öndər Heydər Əliyev xalqın israrlı və haqlı tələbi ilə yenidən hakimiyyətə qayıtdı. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan dövləti yenidən quruldu. Transmilli neft və qaz layihələri həyata keçirildi. Azərbaycanın iqtisadi baxımdan dirçəlməsi bütün sahələrdə inkişafa və tərəqqiyə yol açdı. Azərbaycan ordusunun nizami ordu kimi formalaşdırılması və qüdrətləndirilməsi işlərinə start verildi. “Mən İlhama özüm kimi inanıram”-deyə xalqına xitab edən Ulu Öndərin 2003-cü ildə İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürəndə də Azərbaycan xalqı o zaman da böyük potensial olan gənc siyasi liderə öz dəstəyini, səsini və inamını etibar etməklə bugünkü Müzəffər və Qalib Azərbaycan dövlətinin gələcəyinə dəstək vermiş oldu.

Eyni zamanda, daxili siyasətdə Azərbaycan Prezidentinin qaçqın və məcburi köçkünlərin sosial-iqtisadi problemlərinin həllinə xüsusi diqqət yetirməsi, karbohidrogen ehtiyatlarından əldə olunan gəlirlərin ilk növbədə qaçqın və məcburi köçkünlərin sosial problemlərin həllinə yönəldilməsi, yeni qəsəbə və şəhərciklərin salınması, eləcə də gənclər arasında vətənpərvərliyin təbliğatını gücləndirilməsi ilə bağlı da müstəsna xidmətləri var.

Prezidentin apardığı siyasət nəticəsində gənclər arasında Vətənə, torpağa, Azərbaycan bayrağına aşılanan sevgi, ehtiramın nəticəsini biz bir il əvvəl Vətən müharibəsi zamanı gördük. Vətən müharibəsinin iştirakçılarının əksəriyyəti məhz gənclər idi. Məhz bizim gənc əsgərlər və zabitlər torpaq, vətən, milli ləyaqət hissini hər şeydən uca tutaraq torpaqlarımızın azadlığı uğrunda öz canlarından keçərək şəhid oldular. Bu gün onlarla gənc qazilərimiz var. Azərbaycan əsgərinin torpaq, Vətən sevgisi bütün dünyaya bir dərs, örnək oldu həm də. Çünki əsgərlərimiz bu gün bir çoxunun kənardan baxıb “bu sıldırım qayaları kimsə keçə bilməz” – dediyi qayaları, dağları məhz o torpaq, vətən sevgisi naminə fəth etdilər. Sıldırım qayalıqda olan Şuşanı – Qarabağın baş tacını azad etdilər. Bütün bunlar böyük bir tarix və tarixi missiya idi.

Bizim gələcəyimiz də məhz hər zaman vətənpərvər ruhda yetişmiş gənclərdən asılı olacaq. Vətənpərvərliyin aşılanması isə ilk öncə ailədən başlayır.

 

 

 

Yaşar Ağazadə

 

Qeyd: Yazı “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda milli-mənəvi dəyərlər və ailə modeli: Keçmişdən gələcəyə” layihəsi çərçivəsində hazırlanıb.