Respublika Perinatal Mərkəzində yanğın gecə saat 03:05 radələrində başlayıb.
Heftelik.az-ın məlumatına görə, bunu Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, növbətçi həkim 7 dəqiqə sonra otağa daxil olub, aidiyyəti qurumlara məlumat verib:
“Təbii ki, qısa müddətdə yanğının digər şöbələrə keçməsinin qarşısı alınıb. Lakin təəssüf ki, 4 körpənin həyatını xilas etmək mümkün olmayıb. Onlar intensiv terapiya şöbəsində küvəz aparatlarında olublar. Bizə bütün hadisələri diqqətlə araşdırmağımız üçün vaxt lazımdır. Təqsirli şəxslər məsuliyyətə cəlb olunacaq. Bütün zərərçəkmişlərə, hazırda müalicə alanlara şəfa diləyirik”.
Baş prokuror qeyd eidb ki, həm Fövqəladə Hallar Nazirliyi, həm də Daxili İşlər Nazirliyi hadisə ilə əlaqədar öz üzərinə düşən bütün vəzifələri dərhal yerinə yetiriblər: “İlkin ehtimallara görə, yanğın elektrik mənşəlidir. Orada elektrik aparatları olub. Küvəz aparatları elektriklə işləyir. Güman edirik ki, onların qoşulmasında, istifadəsində, istismarında müəyyən pozuntular olub. Ümumiyyətlə yanğın təıhlükəsizliyinin pozulması hallarının ilkin əlamətlərini görürük. Körpələrin ölüm səbəbinə gəlincə, onların yanıq xəsarətindən, yoxsa boğulma səbəbindən həyatlarını itirməsi məhkəmə-tibbi ekspertizasının rəyindən sonra məlum olacaq. İlkin müşahidələrə görə, körpələr yanıq xəsarətləri alıblar. Amma ilkin olaraq yanğından, yoxsa boğulmadan öldükləri rəydən sonra bilinəcək”.