Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsinin struktur qurumlarına Azərbaycan Respublikasının ədliyyə naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən rəislər rəhbərlik edirlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsi haqqında Əsasnamə”də əksini tapıb.
Baş idarənin rəis müavinləri, baş idarənin struktur qurumlarının rəhbərləri və işçiləri öz funksiyalarını bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrə əsasən yerinə yetirirlər. Baş idarə işini fəaliyyət istiqamətləri, dövlət proqramları və milli fəaliyyət planları, Nazirliyin Kollegiyasının qərarları, Nazirliyin və Baş idarənin iş planları əsasında həyata keçirir. Baş idarədə işin təşkili və vəziyyəti, iş planlarında nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsi, qarşıda duran vəzifələrin həyata keçirilməsi ilə əlaqədar məsələlər mütəmadi olaraq Baş idarənin rəisinin yanında keçirilən iclaslarda müzakirə edilir.