Əlavə olunan və inteqrasiya edilən fotovoltaik panellərə dair tələblər məlum olub.
Heftelik.az-ın məlumatına görə, bu, “Damüstü Günəş enerji sistemlərinin quraşdırılması üzrə tələblər”də əksini tapıb.
Fotovoltaik panellərin binalarda istifadəsi əsas iki variantda yerinə yetirilir:
– fotovoltaik panellərin binaların xarici konstruksiyalarının üzərinə əlavə olunması ilə;
– binaların xarici konstruksiyalarının hissələrinin fotovoltaik panellər yerləşdirilməklə əvəz olunması – dəyişdirilməsi ilə.
Birinci halda bu məqsədlər üçün müvafiq quraşdırma sistemləri ilə ənənəvi fotovoltaik modullar tətbiq olunur. Bunlar, adətən, tikinti işləri başa çatdıqdan sonra yerinə yetirilir. Bu zaman fotovoltaik modullara xüsusi tələblər qoyulmur, çünki onlar bina üçün heç bir əlavə funksiya yerinə yetirmir.
İkinci halda isə fotovoltaik modullar binaların xarici konstruksiyalarının ənənəvi elementlərini əvəz etdikdə onlar xaric olunan elementin bütün funksiyalarını kompensasiya etməlidir. Bu məsələlərin tənzimlənməsi üçün tətbiq olunan sistem bir neçə normativin tələbinə, eləcə də inşaat materialları standartlarına cavab verməlidir.