“Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi Azərbaycanın mərkəzi (Sabirabad, Saatlı, İmişli) rayonlarında “Ucqar Ərazilərdə Erkən Nikahların Baş verməsinin Qarşısının Alınması Üçün Əlverişli Mühit Yaradılmasına Dəstəyin Artırılması” təşəbbüsü çərçivəsində Gender expertlərin iştirakı ilə masaüstü araşdırma və fokus qrup müzakirələri keçirilib.
Heftelik.az xəbər verir ki, müzakirələrdə müxtəlif qrupları təmsil edən insanlar (müəllim, həkim, valideyn, sosial işçi, ucqar icma nümayyəndələri, bələdiyyə nümayəndələri) iştirak edib.
Müzakirələrdə erkən nikahları doğuran hallar və səbəblər, erkən nikah praktikasının qarşısının davamlı və effektif şəkildə alınması yolları müzakirə edilib.
Müxtəlif fikirlər və təkliflər səsləndirilib. Keçirilən araşdırma və qrup müzakirələrinin məqsədi erkən nikah hallarının qarşısını almaq üçün daha effektiv, təsirli təcrübə, mexanizimləri və yanaşmaları (iqtisadi stimullar, təhsil və gəlir gətirən iş imkanları) müəyyən etməklə təqdimat halına salaraq gələcəkdə nəzərə alınması üçün Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə təqdim etməkdir.
Bu layihə Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının həyata keçirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsinin dəstəyi ilə icra edilir.