Meyit donordan donor orqanlar götürülənədək onların anatomik və funksional baxımdan qorunub saxlanmasının təmin edilməsi üçün tibbi tədbirlərin həyata keçirilməsi qaydasına görə, ölüm faktı müəyyən edilən zaman mövcud olan diaqnostik əlamətlərə əsasən meyit donorlar iki qrupa bölünür: beyin ölümü diaqnozu olan donorlar (ürək fəaliyyəti davam edir, sərbəst tənəffüs yoxdur); ürək fəaliyyəti tamamilə və geriyədönməz şəkildə dayanmış donorlar (asistolik donorlar).
Heftelik.az-ın məlumatına görə, bu, “Meyit donordan donor orqanlar götürülənədək onların anatomik və funksional baxımdan qorunub saxlanmasının təmin edilməsi üçün tibbi tədbirlərin həyata keçirilməsi qaydası”nda əksini tapıb.
Qaydaya əsasən, beyin ölümü diaqnozu olan donorların orqanlarının qorunması üçün aşağıdakı tibbi tədbirlər həyata keçirilir:
Dərman preparatları və məhlulların yeridilməsi üçün mərkəzi venalara (vidaci, körpücükaltı və ya bud venası) kateterin qoyulması; qan dövranı sisteminə monitor vasitəsilə davamlı nəzarətin edilməsi (arterial təzyiq, mərkəzi venoz təzyiq, EKQ, oksigen saturasiyası); hemodinamik pozulmaların (yüksək və ya aşağı arterial təzyiq) dərman vasitələri ilə tənzimlənməsi; süni ventilyasiya rejiminin tənzimlənməsi. Süni ventilyasiya rejiminin tənzimlənməsi zamanı nəfəs vermənin sonunda müsbət təzyiq (PEEP) 5-8 mm. su sütunu səviyyəsində olmalı, nəfəs almanın pik təzyiqi < 30 mm. su sütunu səviyyəsindən artıq olmamalı, nəfəs alınan qaz qarışığında oksigen fraksiyası 40-50%-dən çox olmamalı (buna nəzarət oksigenin qanda saturasiyası (> 95%) və ya oksigenin arterial qanda parsial təzyiqi (PaO2 > 120-150 mm.c.s.) əsasında aparılır), tənəffüsün dəqiqədə sayı 16-18 olmalıdır (buna nəzarət arterial qanda karbon qazının parsial təzyiqi (PaCO2 35-45 mm.c.s.) əsasında aparılır); maye balansına nəzarət üçün sidik kateterinin qoyulması; dövr edən qanın həcminin bərpa edilməsi (kolloid məhlullar, albumin, plazma, göstəriş olduğu təqdirdə (Hb < 70 q/l, Ht < 20) eritrositar kütlənin köçürülməsi); bədən hərarətinə davamlı nəzarət. Göstəriş olduğu təqdirdə bədənin fiziki üsullarla isidilməsi və ya soyudulması; əvəzedici hormonal terapiyanın (metilprednizolon, vazopressinin sintetik analoqları, insulin) aparılması; turşu-qələvi balansı və elektrolit pozulmalarının korreksiyası (pH 7.35-7.45, PaCO2 35-45 mm.c.s., Na 135-150 mmol/l, K 3.5-5.0 mmol/l); geniş spektrli antibakterial preparatlarla (sefipim + vankomisin) profilaktik antibakterial terapiyanın aparılması; traxeya və bronxların bəlğəmdən vaxtaşırı təmizlənməsi (sanasiyası).
Ürək fəaliyyəti tamamilə və geriyədönməz şəkildə dayanmış donorlarda (asistolik donorlar) orqanların qorunması üçün aşağıdakı tibbi tədbirlər həyata keçirilir:
Toxumaların oksigenlə təmin edilməsi məqsədilə ürəyin qapalı masajı və süni tənəffüsün aparılması; makrotrombozun qarşısının alınması üçün heparinin (50000 vahid), damarların genişlənməsi üçün prostaqlandinlərin venadaxili yeridilməsi.
Aortaya yeridilmiş kateter vasitəsilə orqanların perfuziyası mövcud avadanlıqlardan asılı olaraq iki fərqli şəkildə aparıla bilər:
Üüsusi konservləşdirici məhlulla soyuq (hipotermik) perfuziya; donorun öz qanı ilə normotermik ekstrakorporal membran oksigenasiya ilə perfuziya.