Lənkəran İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun qardaşı Azər Qaraşovun qətli ilə bağlı cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, cinayət işi üzrə materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Cəlil Nəbiyevin sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclası yanvarın 23-nə təyin edilib.
Qeyd edək ki, hadisə ötən il iyulun 26-da Kürdəmir rayonunun Pirəköcə kəndində 1975-ci il təvəllüdlü Azər Qaraşovun odlu silahdan açılan atəş nəticəsində ölməsi ilə bağlı Kürdəmir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib.
İlkin olaraq hadisənin intihar olduğu bildirilirdi. Lənkəran şəhər icra başçısı Taleh Qaraşov isə mətbuata açıqlamasında Azər Qaraşovun ehtiyatsızlıq səbəbindən aldığı güllə yarasından vəfat etdiyini iddia edirdi.
Daha sonra əməliyyat tədbirləri ilə Azər Qaraşovun oğlu Azay Qaraşov atasını ov tüfəngi ilə qətlə yetirməkdə şübhəli bilinərək saxlanılıb.
Azay Qaraşova qarşı Cinayət Məcələsinin 120.1 (Qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.