Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsinin hüquqları sırasına qeyri-hökumət təşkilatlarına və xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinə yazılı xəbərdarlıq etmək, onlara qanun və nizamnamə (əsasnamə) pozuntularının aradan qaldırılması barədə göstəriş vermək daxildir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsi haqqında Əsasnamə”də əksini tapıb.
Qeyri-hökumət təşkilatlarının, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin, siyasi partiyanın fəaliyyətinin müvəqqəti dayandırılması, onların ləğv edilməsi barədə məhkəmə qarşısında məsələ qaldırmaq və vətəndaşların müraciətlərinin araşdırılmasına qeyri-hökumət təşkilatlarının, xarici qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətinin qanunvericiliyə və nizamnaməyə (əsasnaməyə) uyğunluğunun öyrənilməsi, bu sahədə ümumiləşdirmələrin aparılması işinə regional ədliyyə idarələrini cəlb etmək də bu hüquqlar sırasındadır.