ABŞ və Böyük Britaniya Yəmənin şimalında hakim husi hərəkatının hədəflərinə qarşı əməliyyata başlayıb.
Heftelik.az-ın “Reuters”-ə istinadən verdiyi məlumata görə, ABŞ və Böyük Britaniya 2024-cü il yanvarın 11-dən 12-nə keçən gecə Yəməndəki Ənsar Allah hərəkatının (Husilər) mövqelərinə hücum edib.
Yəmənin Səna, Səada, Hodeyda, Taiz və Dhamar şəhərləri hücuma məruz qalıb. Yəmənin paytaxtı Sənaya 4 hava zərbəsi endirilib. Bundan əlavə, Qırmızı dəniz sahilindəki Hudeyda şəhərindəki hədəflərə zərbələr endirilir.
ABŞ Prezidenti Co Bayden aviazərbələrin “husilərin Qırmızı dənizdəki beynəlxalq gəmilərə görünməmiş hücumlarına birbaşa cavab” olduğunu bildirib.
Rusiya hücumlarla əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini tələb edib. Britaniyanın Baş naziri Rişi Sunak Qırmızı dənizdəki əməliyyatlara münasibət bildirib. Rişi Sunak bu zərbələrin zəruri və proporsional olduğunu bildirib.