Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu, sabit və inamlı inkişafı liderlik amili ilə birbaşa bağlıdır. Lider öz ağlı, iradəsi, qərar qəbul etmək səriştəsi, insanlara doğru yolu göstərmək bacarığı ilə xalqı vahid amal uğrunda səfərbər edən, arxasınca apara bilən qüdrətli şəxsiyyətdir.
Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan cənab İlham Əliyev həyata keçirdiyi uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək, ölkəmizin beynəlxalq mövqeyini gücləndirməklə yanaşı yüksək nüfuzu, müdrikliyi, novatorluq və digər keyfiyyətləri özündə təcəssüm etdirərək lider kimi dövlətimizin inkişafı istiqamətində səylə çalışır. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət sürətli inkişaf dövrüdür.Belə ki, o iqtisadiyyatın şaxələndirilməsi, siyasi islahatlar, modernləşmə, enerji sektorunda asılılığın azaldılması, təhsil və güclü sosial siyasət ölkəmizin strateji xətti olaraq irəli sürdü. İlham Əliyevin prezidentlik fəaliyyətinin qeyd edilən dövrü ərzində sadalanan bütün istiqamətlər üzrə nəzərəçarpacaq nailiyyətlər əldə olundu. Bunlara 610 min yeni iş yerinin açılması, neft gəlirlərindən istifadə olunmaqla qeyri-neft sektorunun inkişaf etdirilməsi, sahibkarlığın inkişafına əlverişli şərait yaradılması, əhalinin aztəminatlı hissəsinin sosial müdafiəsinin gücləndirilməsi, dövlət strukturlarının işinin səmərəli, dünya standartlarına uyğun şəkildə qurulması, milli birliyin və həmrəyliyin möhkəmləndirilməsi, Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq prinsiplərinə uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə imkan verən müstəqil xarici siyasət kursunun yeridilməsi aid ola bilər. Bu gün tam əminliklə deyə bilərik ki, cənab İlham Əliyev Prezidentlik fəaliyyətinin ilk günündən “Əsl siyasət konkret, real iş görməkdən ibarətdir”,- tezisini irəli sürərək ötən müddətdə ona bəslənilən ümidləri doğruldub, cəmiyyətin bütün arzularını gerçəkləşdirməyə çalışmaqla, xalqın maraq və mənafelərinə cavab verən çevik, qətiyyətli qərarlar qəbul edib, mühüm uğurlara imza ataraq özünü ciddi siyasətçi kimi təsdiqlədi. Nəticə etibari ilə məhz iti fəhmi və diplomatik məharəti hesabına qüdrətli Azərbaycan yaratdı.
Prezident İlham Əliyev yürütdüyü siyasət hər zaman bütün gücünü Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına, xalqımızın təhlükəsizlik və rifah içində yaşamasına yönəldib. Bunun nəticəsidir ki, cənab liderimizin parlaq qələbəyə aparan sistemli strategiyası altında Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə Ermənistanın 30 il ərzində havadarlarının dəstəyi ilə qurduğu ordusunu darmadağın etdi. Beləliklə, düşmənin illərlə yaratdığı “məğlubedilməz ordu” mifi 44 gün ərzində bütün dünyanın gözü qarşısında fiaskoya uğradı, “Dəmir yumruq” əməliyyatı Azərbaycanın Şanlı Qələbəsi ilə başa çatdı. 44 gün ərzində ölkə başçımız gecə-gündüz demədən həm şanlı Azərbaycan Ordusuna Ali Baş Komandanlıq etdi, həm danışıqlar masasında qətiyyətli və prinsipial mövqe ortaya qoydu, həm də informasiya savaşına məhz özü rəhbərlik etdi. Prezident İlham Əliyevin xalqa hər müraciəti Azərbaycan xalqı tərəfindən həyəcanla gözlənilirdi. Hər qarış torpağın azad olunması bizim üçün dünyalar dəyərində idi. Analar öz övladlarını “Vətən sağ olsun!” deyərək, cəbhəyə yola salırdı. Çünki Azərbaycan qadını məğrurdur, Azərbaycan qadını Xocalı soyqırımının ağrı-acısını hələ də unutmayıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qeyrətli Azərbaycan oğulları Xocalı cəlladlarından da qisasımızı aldı. Biz artıq əzilmiş deyil, məğrur xalq olduğumuzu bütün dünyaya sübut etməyi bacardıq. Dövlət başçısı demişdir: “Həyat göstərdi ki, vaxtında addımlar atdıq, bütün gücümüzü səfərbər edərək bir “Dəmir yumruq” yaradıb düşmənin başını əzdik. Müharibə dövründə mən deyirdim ki, bizim “dəmir yumruğ”umuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir. Bu “dəmir yumruq” düşmənin belini qırdı, düşmənin başını əzdi. Bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik. Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Bizim azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq.”
Mehman İbrahimov
Nəsimi rayon sakini, Vətən müharibəsi qazisi