Qafqazda yaşayan xalqlar, həmişə kişi sözünə qiymət verib, kişi sözünə etimad göstəriblər. “Kişinin sözü bir olar” məsəli də heç təsadüfü yaranmayıb. Əsl kişilər min ölçüb, bir biçdikdən sonra sözlərini dilə gətiriblər.
Nəticəsindən asılı olmayaraq, verdikləri sözün üstündə durublar. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev “Bizim sözümüz də imzamız qədər keçərlidir” deməklə təkcə sözünün yox, şəxsiyyətinin böyüklüyünü, özünə hörmətin qüdrətini də ifadə etmişdi. Təəssüf ki, taleyimizə sözünə, imzasına hörmət qoymayan, sözdən yalnız hiylə, yalan üçün istifadə edən, bədnam ermənilərlə qonşuluq etmək düşüb.
44 günlük Vətən müharibəsi zamanı üzdə bir söz deyib, arxada başqa fikir söyləyən Ermənistanın baş naziri Nikol Paşinyanın döymədiyi qapı, yalvarmadığı dövlət rəhbəri qalmamışdı. Müharibənin ilk günləri elə zənn edirdi ki, böyük güclərin, havadarlarının vasitəsi ilə Azərbaycana təzyiqlər göstərib, işğal etdikləri ərazilərdə mövqelərini qoruyub saxlaya biləcəklər. Amma Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətini, ordumuzun qüdrətini görüb müharibəni dayandırmaq üçün üstümüzə minnətçi salmadığı dövlət başçısı qalmadı.
2020-ci ilin 27 sentyabrında başlanan əkshücum əməliyyatı işğal altında olan torpaqlarımızın azad edilməsi məqsədilə həyata keçirilmişdi. Məqsədimiz həddini aşmış Ermənistan ordusuna cavab vermək, işğal edilmiş torpaqlarımızı azad etmək, ermənilərin vəhşiliyinə son qoymaq idi. Məğlub olan Ermənistanın yalvarışlarını, onun kapitulyasiya aktını imzalamasını nəzərə alan, başlıcası isə, itkilərimizin az olması, daha çox ananın gözüyaşlı qalmaması üçün Azərbaycan Prezidenti müharibənin dayandırılmasına razılıq verdi. 10 noyabr Üçtərəfli Bəyanatı imzalayan Nikol Paşinyan dəfələrlə, müxtəlif zamanlarda, müxtəlif tədbirlərdə çıxış edərək “Əgər üçtərəfli bəyanatı imzalamazdımsa, müharibənin nəticələri Ermənistan üçün daha acınacaqlı olardı”, “Faciələrimizin masştabı daha geniş olardı”, “Üçtərəfli Bəyanatı imzalamaqla Ermənistan ordusunu tamamilə məhv olmaqdan xilas etdim” kimi ifadələr işlətdi. Təslimçi sənədə imza atan Ermənistanın baş naziri Nikol Paşinyan o zaman təbii ki, bəyanatın şərtlərini də qəbul etdi… Amma erməni ağlı, erməni düşüncəsi ilə…
2022-ci il avqustun əvvəlində yaşanan hərbi gərginliklə bağlı diqqətçəkən əsas məqam əməliyyatların Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi bölgədə keçirilməsi idi. Bu o deməkdir ki, Azərbaycan istənilən an öz ərazisində baş verən təxribata cavab verməyə hazırdır. Ermənistan rəhbərliyi dərk etməlidir ki, düşdüyü ağır burulğandan çıxmaq üçün özünə xaricdə havadar axtarmaqdansa, Azərbaycanın təklif etdiyi 5 bənddən ibarət sülh sazişinə imza atmalıdır. Amma Ermənistanın siyasi və hərbi rəhbərliyi bunu etməkdənsə, daha böyük səhvləri təkrarlayır. Sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan ordusunun Şərqi Zəngəzurda, Laçın, Kəlbəcər, Daşkəsən rayonlarının sərhəd ərazilərində törətdikləri təxribat da bunu təsdiqləyir. Onların bu təxribatı da ordumuz tərəfindən cavabsız qalmadı. Müzəffər Azərbaycan Ordusu düşmənin sərhəd boyu yerləşdirdiyi ağır döyüş texnikalarını, qurduğu istehkamları, 40-dan artıq postunu, xeyli canlı qüvvəsini və iki ədəd S300 raket kompleksini məhv edərək düşmənə sarsıdıcı zərbə vurdu. Əgər verilən bu cavabdan da düşmən nəticə çıxarmasa, daha sərt tədbirlər görüləcəyi, daha amansız addımlar atılacağı heç kimdə şübhə doğurmur. Bunu Ermənistanın hərbi-siyasi rəhbərliyi də, oğullarını Ermənistan rəhbərliyinin məkrli hisslərinə qurban verən erməni anaları, erməni xalqı da dərk etməlidir.
Torpaq uğrunda can veriləndə, qanla yuyulanda vətən olur. Erməni təxribatının qarşısını alarkən 50 igid gəncimiz canlarını vətən uğrunda qurban verdilər. 50 igidimiz “ana” deyərək son anda ana torpağı qucaqlayıb, “canımızı verərik, torpağımızı vermərik” deyib şəhidlik zirvəsinə yüksəldilər.
Düşmən anlamalıdır ki, canımızdan keçərik, vətənimizin bir qarış torpağından keçmərik. Bir oğlumuza qıyanın qısasını da köynəyinin qanı qurumamış alırıq. Düşmən qarşısındakının dünyanın ən möhtəşəm ordusunun əsgəri olduğunu hələ dərk etmirsə, vay onda halına. Səhvini anlayıb olanlardan dərs götürməyib, bir də səhv etmək niyyətinə düşərsə, qisas daha ağır olacaq.
Elmir Qurbanlı
Azərbaycan Universiteti