Sabunçu Rayon İcra Hakimiyyəti Heftelik.az saytında yanvarın 8-də Zabrat qəsəbəsində küçələrdən birinin “Oktyabr” adlanması ilə bağlı yazıya münasibət bildirib. Sabunçu Rayon İcra Hakimiyyətinin fotofaktın yer aldığı yazıya münasibətini olduğu kimi təqdim edirik:

“Bildiririk ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 15 sentyabr 2017-ci il tarixli, 422 saylı Sərəncamı ilə Zabrat qəsəbəsində Oktyabr küçəsinə Xalq artisti Nəsibə Zeynalovanın adı verilmişdir. Xahiş edirik nəzərə alasınız”.

Sözsüz ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısı sərəncamı ilə 6 il əvvəl Sovet adının  Xalq artisti Nəsibə Zeynalova ilə əvəzlənməsi təqdirəlayiq haldır. Ancaq bu halda digər sual ortaya çıxır. 6 il əvvəl adı dəyişən küçədə Oktyabr adının əks olunduğu lövhələr niyə hələ də qalmaqdadır? Axı otuz ildən artıqdır ki, SSRİ dağılıbsa, Azərbaycan müstəqil dövlət olubsa, niyə bu küçədə Sovet ənənəsini hələ də bu formada yaşadılmalıdır? 1917-ci ilin 25 oktyabrında Rusiyada Böyük Oktyabr Sosialist İnqilabı baş verib və Oktyabr adı da məhz bunu ehtiva edir.

Sabunçu Rayon İcra Hakimiyyəti hara baxır? Nə üçün Xalq artisti Nəsibə Zeynalovanın adının əks olunduğu lövhələr bu küçəyə vurulmayıb?! Bu, mərhum Xalq artistimizin xatirəsinə hörmətsizlik deyilmi?! İndiyə qədər Sabunçu rayon İcra Hakimiyyətinin Zabratda küçə və parkları abadlaşdırmaq, bərpa etmək adı atında neçə dəfə tender keçirib, büdcə vəsaitləri xərclədiyi araşdırılsa, yəqin ki, daha çox suallar ortaya çıxar…

Qeyd edək ki, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı 2012-ci ildən Adil Vəliyevdir. Bundan əvvəl isə 2003-2012-ci illər ərzində özünün təsis etdiyi “Euro Style” LTD şirkətinin rəhbəri olub. Ancaq belə həssas məsələlərə heç bir halda biznes təfəkkürü ilə baxmaq olmaz…

Yeri gəlmişkən, bundan əvvəl Adil Vəliyev Əvəz Zeynallının zəngi ilə qanunsuz tikintiyə şərait yaratması və məhkəmədə dilə gətirdiyi “Elə danışırsınız ki, sanki Azərbaycanda yaşamırsınız…” kimi ifadəsi ilə yadda qalıb və buna görə deputat Vahid Əhmədov daxil olmaqla, bir çoxları tərəfindən sərt tənqid edilib.