Maddi sübut olan bəzi maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi məsələsinə müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında baxılır.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Müvafiq vəsatət və təqdimat ekspert rəyi cinayət təqibini həyata keçirən orqana daxil olduğu vaxtdan 10 gündən gec olmayaraq məhkəməyə təqdim edilməlidir.
Nəzərdə tutulmuş vəsatətin təmin edilməsi barədə məhkəmənin qərarı qanuni qüvvəyə mindiyi gündən 10 gün müddətində həmin maddələrin qalan hissəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada məhv edilir və ya tibbi məqsədlərlə istifadəsi üçün təhvil verilir.
Qeyd edilən maddələrin qalan hissəsinin məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi məqsədilə müvafiq dövlət qurumuna verilməsi zamanı videoçəkilişdən istifadə edilməklə protokol tərtib olunur. Protokol videoçəkilişi əks etdirən müvafiq məlumat daşıyıcısı ilə birlikdə cinayət təqibi ilə bağlı materiallara əlavə edilir. Cinayət prosesini həyata keçirən orqan iş üzrə yekun qərar çıxararkən nümunələrin məhv edilməli və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməli olduğunu qeyd etməlidir.