Elm və Təhsil Nazirliyi tərəfindən elan edilmiş “Təhsildə inkişaf və innovasiyalar üzrə 7-ci qrant müsabiqəsi”nin qalibi olmuş “Vətənpərvər məktəblilər” layihəsinə start verilib.
Heftelik.az-ın məlumatına görə, Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan layihənin açılış təlimində vətən uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Layihə rəhbəri Bəhruz Hümbətov çıxışında layihə haqqında ətraflı məlumat verib.
Daha sonra Borsunlu kənd 1 saylı orta məktəbin direktoru İlkin Qurbanlı, Borsunlu kənd 2 saylı orta məktəbin direktoru Nəzakət İbrahimova, Vətən müharibəsi iştirakçısı Elmar Nəsirov layihənin əhəmiyyətindən bəhs edərək, layihə iştirakçılarına uğurlar arzulayıblar.
İkinci hissədə vətənpərvərlik ruhunun təbliği və müxtəlif məktəbləri təmsil edən layihə iştirakçıları arasında şəbəkələşmənin və kommunikasiyanın yaxşılaşdırılması istiqamətində təlimçi Sevlan Rüstəmli tərəfindən təlim keçirilib.
Qeyd edək ki, 120 nəfərdən çox məktəblini əhatə edəcək “Vətənpərvər məktəblilər” layihəsinin əsas məqsədi şagirdlərin vətənpərvər ruhda böyüməsi, şəhid ailələrinin övladları ilə digər məktəblilər arasında dostluq və kommunikasiyanın yaradılması, onların cəmiyyətə insteqrasiyasına köməklik göstərilməsindən ibarətdir. 4 təlimdən ibarət layihənin hər təlimində digər məktəblilərlə yanaşı, qazilər və şəhid ailələrindən olan məktəblilər də iştirak edəcək.