Maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən hansı qaydalara riayət etməli olduğu açıqlanıb.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:
– şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir;
– şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin mlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir);
– terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir;
– mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir;
– cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır;
– maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir;
– dəyəri olmayan digər əşyalar məhv edilməlidir.