İran ərazisindən Ermənistana növbəti hərbi yük karvanının hərəkəti qeydə alınıb.
Heftelik.az-ın “Caliber.Az” –a istinadən verdiyi məlumata görə, 17 yanvar 2024-cü il saat 17.50 radələrində yük yeri brezentlə örtülü olan HINO markalı iki avtomaşının İranın Culfa yaşayış məntəqəsindən Nurduz yaşayış məntəqəsi istiqamətində hərəkəti müşahidə olunub.
Həmin avtomaşın karvanı saat 19.55-20.15 radələrində Nurduzdan Ermənistanın Aqarak yaşayıq məntəqəsinə doğru hərəkətdə olub. Avtomaşın karvanı saat 21.17-21.31 radələrində Ermənistanda Mehridən Leqvaza doğru hərəkət edib. Yükün gecə saatlarında və üzəri brezentlə örtülü vəziyyətdə daşındığı nəzərə alınsa, bunun hərbi təyinatlı yük olmasına şübhə qalmır.
Bu hərbi yükün Rusiya, yaxud Hindistandan Ermənistana göndərilməsi mümkün sayılır.
“Caliber.Az” yazıb ki, Bakı və Tehran arasında İranın bir daha öz ərazisini Ermənistana silah daşınması üçün tranzit qismində təqdim etməməsi yönündə diplomatik razılaşma olub. Yəqin ki, Azərbaycan və İran arasında bu barədə razılaşma keçən il İran üzərindən Ermənistana Hindistan silahlarının daşınmasının üzə çıxmasından sonra əldə edilib. Belə aydın olur ki, İran bu razılaşmanı pozur.