Mingəçevir şəhər 4 saylı tam orta məktəbdə baş verən qanunsuzluqlarla bağlı daxil olmuş vətəndaş müraciəti əsasında şəhər prokurorluğunda araşdırma aparılıb.
Mingəçevir şəhər prokurorluğundan Heftelik.az-a verilən məlumata görə, araşdırma zamanı Azər Qazıyevin qeyd edilən təhsil müəssisəsində direktor vəzifəsini icra etdiyi 2020-2023-cü illər ərzində məktəbdə texniki vəzifədə çalışan, işə davamiyyəti olmayan işçilərə əməkhaqqı ödənilməsi yolu ilə 26 min manatdan artıq dövlət vəsaitini mənimsəməsi və israf etməsinə əsaslı şübhələr müəyyən edilib.
Fakta görə Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) maddələrilə cinayət işi başlanaraq istintaq aparılır.
Mərkəzi Aran Regional Təhsil İdarəsi də məlumat yayıb. Qeyd edilib ki, Mərkəzi Aran Regional Təhsil İdarəsi tərəfindən 13-14 noyabr 2023-cü il tarixlərində Mingəçevir şəhər 4 nömrəli tam orta məktəbdə təlim-tədris prosesində baş vermiş neqativ hallarla bağlı yoxlama aparılıb və sözügedən məsələ ilə bağlı yanaşı olaraq Mingəçevir şəhər Prokurorluğu, həmçinin Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Maliyyə Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən yoxlamalara başlanılıb. Aparılmış yoxlamaların nəticələrinə və eləcə də Mingəçevir şəhər Prokurorluğunun şifahi məlumatına əsasən, Mingəçevir şəhər Prokurorluğunda cinayət işi açılmış və hazırda iş üzrə istintaq davam edir. Araşdırmanın nəticəsi bitdikdən sonra, qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq addımlar atılacaq.
Mərkəzi Aran Regional Təhsil İdarəsi təhsil müəssisələrində korrupsiya ilə əlaqədar hüquqpozmaların baş verməsini pisləyir, bunun qarşısının alınması və aradan qaldırılması ilə bağlı müvafiq tədbirlər görür.
Qeyd edək ki, ötən gün mediada Mingəçevir şəhər 4 nömrəli tam orta məktəbin direktoru Azər Qazıyevin müəllimlərdən dərs saatlarına görə rüşvət alması barədə görüntüləri əks etdirən məlumat yayımlanıb.