Çıxış edən layihə rəhbəri Həzrət Bədiyev qeyd edib ki, bu gün ölkəmizdə dövlət siyasətinin əsas prioritet iqtiqamətlərindən biri əhalinin məğulluğunun təmin olunması, işsizlik probleminin həlli istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi, layiqli iş yerlərinin yaradılması, məşğulluq sahəsində inklüzivliyin təmin olunması və sosial cəhətdən həssas əhali qruplarının əmək bazarında iştirakının artırılmasıdır. H.Bədiyev layihənin keçirilməsində əsas məqsədin işsiz region gənclərinin rəqəmsal bacarıqlarını inkişaf etdirmək və onların bu sahədə virtual məşğulluğunu təmin etməkdən ibarət olduğunu vurğulayıb.
Azərbaycan Respublikasının Gənclər Fondunun əməkdaşı Rahim Rəhimov Fond tərəfindən gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial-iqtisadi sahələr üzrə həyata keçirilən fəaliyyətlər, gənclər təşkilatlarının regionda karyera, həmçinin gənclərin inkişafı üzrə fəaliyyətlərinin əhəmiyyətindən danışıb, ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasətinin, gənclərə göstərilən yüksək diqqət və qayğının onların inkişafındakı önəmini vurğulayıb.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Dağlıq-Şirvan regional nümayəndəliyinin Şamaxı bölməsinin mütəxəssisi, təlimçi Teymur Alşanov tədbirin təşkilinə görə təşəkkür etdi. Bu istiqamətdə gənclərin fəaliyyətinin artırılmasının zəruriliyini diqqətə çatdırdı. T. Alşanov bir saat ərzində gənclərə virtual məşğulluğun əsas istiqamətləri haqda məlumat verdi. Bu gün xüsusən xarici ölkələrdə aktual olan “remote iş” evdən işləmək bacarıqlarının inkişaf etdirilməsi üçün gənclərin hansı xarici və yerli şirkətlərə müraciət etmənin zəruri olduğunu vurğuladı. O, qeyd etdi ki, bu gün ənənəvi peşə sahələri ilə yanaşı müasir dövrün əmək bazarının tələblərinə uyğun yeni sahələr də yaranmış, kompüter və informasiya texnologiyalarının inkişafı, əməyin intelektuallaşması, internetin qloballaşması və yeni imkanlar yaratması nəticəsində əməyin təşkilinin ən müasir forması kimi “Virtual (məsafədən və ya distant) məşğulluq” anlayışı ortaya çıxmışdır. Virtual məşğulluğun klassik formadan bir çox üstünlüyünün olması işsizlik səviyyəsinin effektli şəkildə azaldılmasında, əməyin məhsuldarlığının artırılmasında, məşğulluq sahəsində inklüzivliyin təmin olunmasında xüsusi əhəmiyyət kəsb edir. Tədbirdə gənclərin sualları cavablandırıldı və sonda xatirə şəkli çəkildi.
Qeyd edək ki, təlimdə tərəfdaş qisimində Gənclərin İnkişaf və Karyera Mərkəzinin Dağlıq-Şirvan regional nümayəndəliyinin Qəbələ bölməsi də iştirak edib.