19 yanvar 2024-cü il tarixdə Ucar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ucar Rayon İcra Hakimiyyətində 20 Yanvar faciəsinin otuz dördüncü ildönümü ilə bağlı dəyirmi masa keçirilib.
Heftelik.az-ın məlumatına görə, tədbirdə Ucar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının, rayonun idarə, müəssisə və təşkilatların əməkdaşları, rayon ziyalıları iştirak ediblər.
Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə Ucar Rayon İcra Hakimiyyəti Başçısının müavini-ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aidə Qəhrəmanova açaraq qeyd etdi ki, 20 Yanvar faciəsi həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub. 20 Yanvar faciəsi Azərbaycanın müstəqilliyə aparan yolunda yeni mərhələnin başlanğıc nöqtəsi olub.
20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, hadisəyə ilk siyasi-hüquqi qiymət verilməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan xalqına qarşı törədilmiş cinayət olan 20 Yanvar hadisələri ilə əlaqədar ilk etiraz da məhz Ulu Öndər Heydər Əliyev tərəfindən səsləndirildi. 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham edib.
Daha sonra Ağsaqqallar Şurasının sədri Mirzalı Ağamalıyev, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Ucar rayonu üzrə Gənclər və İdman Sektorunun baş məsləhətçisi Mirmehdi Heydərov, Ucar şəhər 3 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Gülçöhrə Xəlilova, Ucar şəhər 2 nömrəli tam orta məktəbin tarix müəllimi Coşqun Nəsibli, Ucar rayonu Boyat kənd tam orta məktəbin tarix müəllimi Aynur Yusifova mövzu ətrafında çıxış ediblər.