Unutmaq Olmaz!

19 Yanvar 2024, 14:51

Qanlı Yanvar hadisəsi olaraq adlandırdığımız hadisə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı ən qəddar cinayətlərdən biri baş vermişdir. Sovet rejimi Bakıda əsl qətliam törətmişdir. Yaşı, uşaq demədən amansızcasına yerli əhaliyə qarşı qətliam törədilmişdir. 20 yanvar faciəsi xalqımızın yaddaşında hüzn və kədər, qürur və qəhrəmanlıq səhifəsi kimi qalıb. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şəhidlərin qanı ilə Azərbaycanın yeni tarixi yazılıb. XX əsrdə törədilmiş ən amansız hadisələr arasında 20 Yanvar tarixində Azərbaycanda insanlığa qarşı törədilmiş dəhşətli cinayəti də əfsuslar olsun ki, öz yerini tutur. Əlbəttə ki, 20 Yanvar hadisəsi hər şeydən öncə bütöv bir xalqa, günahsız və dinc insanlara qarşı törədilmiş hərbi cinayətdir. Lakin bununla belə, bu hadisə Azərbaycan xalqının milli-azadlıq mübarizəsi salnaməsinə qızıl hərflərlə yazılmış qəhrəmanlıq səhifəsidir.

Xüsusi ilə qeyd etmək lazımdır ki, “20 Yanvar Şəhidi” fəxri adının təsis edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti 31 mart 1998-ci il tarixdə fərman imzalamışdır və 29 dekabr 1998-ci ildə “20 Yanvar şəhidi” fəxri adı haqqında  Əsasnamə təsdiq edilmişdir. 20 Yanvar hadisələrin təfərrüatlarını hər bir azərbaycanlı bilməlidir və unutmamalıdır. Azərbaycan xalqını dəhşət və müsibətə düçar etmiş 20 yanvar faciəsi bütün dünyada əks-səda doğurmuş, mütərəqqi qüvvələrin qəzəb və hiddətinə səbəb olmuşdur.

Azərbaycan xalqı və dövləti 20 Yanvar şəhidlərin xatirəsini daim uca tutur. Ulu öndərimiz Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev də şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin yoluna qoyulmasına xüsusi diqqət göstərir, hər il yanvarın 20-də Şəhidlər Xiyabanını ziyarət edərək “Əbədi məşəl” abidə kompleksinin önünə əklil qoyur. 20 Yanvar şəhidlərin ailələrinə qayğı daim dövlətin diqqət mərkəzindədir. Prezident İlham Əliyev 1990-cı ilin yanvarında şəhid olmuş oğul və qızlarımızın xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi üçün də mühüm işlər görmüşdür. Dövlətimizin başçısının 19 yanvar 2006-cı il tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə aylıq təqaüd verilir.

20 Yanvar Azərbaycan xalqının tarixində sadəcə ağrı və acı ilə xatırlanacaq gün deyil. 20 Yanvar Azərbaycan xalqının şan və şərəf günüdür.

Azərbaycan Xalqı olaraq şəhidlərimizin xatirəsini daim əbədi yaşadacağıq.

 

Özləm Əliyeva

Nəsimi rayon sakini