Sərt konstruktiv sxem üzrə layihələndirilmədə əsasın deformasiyaları zamanı yükdaşıyan konstruksiyaların ayrı-ayrı elementlərinin qarşılıqlı yerdəyişmələrinin yaranmaması üçün nələr edilməli olduğu açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “İşlənmiş ərazilərdə və batan qruntlarda bina və qurğular. Layihələndirmə normaları”nda əksini tapıb.
Sərt konstruktiv sxem üzrə layihələndirilmədə əsasın deformasiyaları zamanı yükdaşıyan konstruksiyaların ayrı-ayrı elementlərinin qarşılıqlı yerdəyişmələrinin yaranmaması mümkünlüyü aşağıdakılar hesabına nəzərdə tutulmalıdır:
– deformasiya tikişlərilə bina və qurğuların ayrı-ayrı hissələrə bölünməsi;
– yükdaşıyan konstruksiya elementlərinin və onlar arasında rabitələrin gücləndirilməsi;
– divarlarda mərtəbələr üzrə dəmir-beton kəmərlərin qurulması;
– mərtəbəarası və dam örtüklərinin dəmir-beton elementlərdən üfüqi disklərin yaradılması;
– bina və qurğuların bünövrələrinin bütöv tava, kəsişən tirlər, tir-divar və s. şəklində verilməsi;
Təsirə tabeli konstruktiv sxem üzrə layihələndirilmədə yer səthinin qeyri-bərabər deformasiyaları zamanı konstruksiyalarda əlavə qüvvələrin yaranmaması mümkünlüyü aşağıdakılar hesabına nəzərdə tutulmalıdır:
– yeraltı hissədə üfüqi sürüşmə tikişlərin qurulması;
– yükdaşıyan və xarici divar konstruksiya elementləri arasında oynaqlı və təsirə tabeli rabitələrin daxil edilməsi;
– yükdaşıyan konstruksiyanın sərtliyinin azaldılması;
– əlavə çevik və kompensasiyalı qurğuların daxil edilməsi;
– qonşu konstruksiyalar arasında aralıq məsafələrin böyüdülməsi.
Göstərilən bu tədbirlər elə tətbiq edilməlidir ki, aşağıdakılar təmin edilsin:
– əsasın deformasiyaları zamanı konstruksiya elementlərinin oturdulma sahələrinin kifayətliliyi;
– konstruksiyaların qarşılıqlı yerdəyişən ayrı-ayrı elementləri arasındakı düyünlərin hava və sukeçirməməzliyi;
– əsasın deformasiyası zamanı konstruksiya elementlərinin dayanıqlılığı.