Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsinin strukturuna daxil olan idarələrin (şöbələrin) rəislərinin vəzifələri məlum olub.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsi haqqında Əsasnamə”də əksini tapıb.
Baş idarənin strukturuna daxil olan idarələrin (şöbələrin) rəisləri:
– idarələrin (şöbələrin) işini təşkil edir və fəaliyyətinə rəhbərliyi həyata keçirirlər;
– idarələrdə (şöbələrdə) işçilərin fəaliyyətini istiqamətləndirir, onlara həvalə edilən vəzifələrin yerinə yetirilməsini təmin edirlər;
– idarələrin (şöbələrin) işçiləri arasında iş bölgüsünü aparırlar;
– idarələrin (şöbələrin) fəaliyyətini baş idarənin digər idarələri və nazirliyin sisteminə daxil olan qurumlarla əlaqələndirir, onların fəaliyyətinə dair hesabatlarının vaxtında təqdim edilməsinə, habelə onların tamlığına və keyfiyyətinə nəzarət edirlər;
– nazirliyin kollegiyasının qərarlarında, nazirlik üzrə əmr və sərəncamlarda, habelə iş planlarında nəzərdə tutulmuş aidiyyəti tədbirlərin yerinə yetirilməsini səlahiyyətləri daxilində təmin edirlər;
– aşkar edilən qanun pozuntuları və nöqsanlar, o cümlədən nazirliyin nüfuzuna və fəaliyyətinə xələl gətirən faktlarla bağlı dərhal baş idarə rəisini məlumatlandırırlar;
– idarələrin (şöbələrin) işçilərinin üzərinə düşən vəzifələrin yerinə yetirilməsinə, etik davranış qaydalarına, icra və əmək intizamına nəzarət edirlər;
– idarələrin (şöbələrin) fəaliyyəti ilə bağlı məsələlərin nazirliyin kollegiyasının müzakirəsinə çıxarılması barədə baş idarənin rəisinə təklif verirlər, onları nazirliyin kollegiyasının müzakirəsinə hazırlayırlar;
– idarələrin (şöbələrin) müvafiq hesabatlarını hazırlayırlar;
– idarələrə (şöbələrə) yeni təyin olunmuş işçiləri təcrübəli əməkdaşlara təhkim edir və onların işinə bilavasitə nəzarət edirlər;
– idarələrdə (şöbələrdə) işçilərin həvəsləndirilməsi, onlara xüsusi rütbələrin və ixtisas dərəcələrinin verilməsi, intizam tənbeh tədbirlərinin tətbiq olunması, habelə işçilərin vəzifədən kənarlaşdırılması ilə bağlı baş idarə rəisinə təkliflər verirlər;
– idarələrin (şöbələrin) fəaliyyətinin təkmilləşdirilməsi sahəsində tədbirlər görür, bu barədə baş idarənin rəisinə təkliflər verirlər;
– peşə hazırlığının yüksəldilməsi məqsədilə qanunvericiliyi daim öyrənir, işgüzar və peşə keyfiyyətlərinin yüksəldilməsinə çalışırlar;
– Bu Əsasnamə ilə müəyyən edilmiş səlahiyyətləri daxilində digər məsələləri həll edir, habelə xidməti fəaliyyətlə bağlı nazirliyin və baş idarənin rəhbərliyinin tapşırıqlarını yerinə yetirirlər.