Şahdağ Turizm Mərkəzi kimi bir inciyə malik olan Qusarda Rayon İcra Hakimiyyəti və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) vəzifələrinə səhlənkarlıqla yanaşması Azərbaycanın turizm imicinə zərbə vurur.
Heftelik.az-ın məlumatına görə, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə əsasən, yerli icra hakimiyyətləri müvafiq ərazidə memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etməli, istehlakçıların mallarda (işlərdə, xidmətlərdə) nöqsanlar, yaxud təhlükəli mallar (işlər, xidmətlər) aşkar etdikləri hallarda bunlar barədə malların (işlərin, xidmətlərin) təhlükəsizliyinə nəzarəti həyata keçirən aidiyyəti dövlət orqanlarına xəbər verməli, mülkiyyətçilərin üzərinə əlavə vəzifələrin qoyulmaması şərtilə müvafiq ərazidə bina, tikili və qurğuların mülkiyyətçiləri tərəfindən həmin bina, tikili və qurğuların xarici görkəminin abad vəziyyətdə saxlanması ilə bağlı görülən işləri əlaqələndirməlidir.
Nizamnaməyə görə, AYNA-nın vəzifələri sırasına isə “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, avtomobil nəqliyyatının infrastruktur obyektlərinin, o cümlədən avtovağzalların (avtostansiyaların), dayanacaq məntəqələrinin, avtomobil duracaqlarının, terminalların və digər qurğuların, habelə avtonəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir stansiyalarının (sahələrinin), yanacaqdoldurma məntəqələrinin yerləşdirilməsi, yaxud təyinatı avtomobil nəqliyyatının digər infrastruktur obyektinə dəyişdirilməklə yenidən qurulmasına dair rəy vermək, avtomobil nəqliyyatının infrastruktur obyektində (ümumi istifadədə olan avtomobil yolları istisna olmaqla) beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarını yerinə yetirən sürücülər tərəfindən iş və istirahət rejiminə əməl olunmasına nəzarət etmək daxildir.
Ancaq Qusar Rayon İcra Hakimiyyəti və AYNA Qusar avtovağzalında xidmətlərin təşkili ilə bağlı “Qusar-Avtovağzal” MMC-nin üzərinə düşən vəzifələri yerinə yetirməsinə nəzarət edirmi?
Son 20 ildə ölkədə böyük tikinti işləri aparılıb, o cümlədən Qusar rayonu da diqqətdən kənarda qalmayıb. Bunu Qusar rayonunun abadlaşdırılması üçün ölkə başçısının imzaladığı çoxsaylı sərəncamlardan da görmək olar.
Şəhərdə müəyyən qədər abadlıq işləri aparılsa də, amma bu illər ərzində Qusar avtovağzalı olduğu kimi qalıb.
Nəzərə alsaq ki, Qusar rayonu ölkənin qış turizmi üçün əsas rekreasiya zonalarından olan Şahdağ kimi bir inciyə sahibdir, o zaman ilk növbədə buranın avtovağzal kompleksi yenilənməli idi.
Qusar kimi bir rayonun avtovağzalı yəqin ki, belə bir vəziyyətdə olmamalıdır. Avtovağzalda turistin, sərnişinin istifadə etməsi üçün tualet belə yoxdur. Bunun üçün müraciət edən turistlər “RAA” Marketin yanında fəaliyyət göstərən “VİP” tualetə yönləndirilir. Bərbad vəziyyətdə olmasına baxmayaraq, üstəlik, pullu xidmət göstərən bu yer də olmasa, görəsən turistin aqibəti necə olar?!
Digər tərəfdən Avtovağzal ərazisində avtomobillər pərakəndə vəziyyətdə dayanır, avtovağzal binasının ətrafı xüsusən yağışlı havalarda palçıq içərisində olur və ərazidəki ictimai iaşə obyektlərində antisanitar vəziyyət hökm sürür.
Bakı-Qusar-Bakı istiqamətində hərəkət edən mikroavtobuslar da sərnişin daşınması üçün yaramır. Bərbad vəziyyətdə olan bu mikroavtobuslara qanunsuz olaraq sərnişin tutumunu artırmaq üçün əlavə oturacaqlar quraşdırılıb. Yəqin ki, Yerüstü Nəqliyyat Agentliyi bu vəziyyətdən xəbərdar olmamış olmaz. Ümid edirik ki, problem qısa zamanda öz həllini tapacaq.
Yuxarıda Qusar İcra Hakimiyyəti və AYNA-nın vəzifələrini sadaladığımızdan hər rayonda turistlər, qonaqlar arasında ölkənin turizm sahəsində imici barədə ilkin təəssürat yaradan avtovağzaldakı bu xəcalət doğuran vəziyyəti aradan qaldırmaq istiqamətində indiyə qədər heç nə etmədikləri bəli olur. Beləliklə, hazırda Qusar İcra Hakimiyyəti və AYNA Azərbaycanın turizm imicinə zərbə vurur. Bəs Qusar İcra Hakimiyyəti və AYNA bu sahədə vəzifələrinin icrasına nə zaman başlayacaq?!
Qeyd edək ki, Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasovdur, 1985-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu inşaat mühəndisi ixtisası üzrə bitirib. Yəni ixtisasca inşaatıçıdır. Əmək fəaliyyəti dövründə “Azərelektroterm” İstehsalat Birliyində tikinti işləri üzrə müdir müavini, tikinti trestinin müdiri, “Bərpaçı-A” MMC-nin prezidenti, bir sıra tikinti şirkətlərinin rəhbəri vəzifələrində çalışmışdır. İcra Hakimiyyətinin Başçısı vəzifəsində 18.12.2007-ci il tarixindən çalışır…